5–6 may 2026-cı il tarixlərində Bakı Fond Birjasının nümayəndələri Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA) tərəfindən təşkil olunmuş Qarabağ bölgəsinə maarifləndirici işgüzar səfərdə iştirak edib. Səfər Qarabağ Təlim Mərkəzinin təşkilati tərəfdaşlığı və Qarabağ Universitetinin dəstəyi ilə baş tutmuşdur.
Səfərin əsas məqsədi regionda kapital bazarları üzrə maarifləndirmənin gücləndirilməsi, maliyyə savadlılığının təşviqi, gənclərin investisiya və kapital bazarlarına marağının artırılması, eləcə də yerli sahibkarlarla qarşılıqlı fikir mübadiləsinin aparılması olub.
Proqramın ilk günü iştirakçılar Qarabağ Universitetinin fəaliyyəti və infrastrukturu ilə yaxından tanış olmuş, universitet rəhbərliyi ilə keçirilən görüşdə gələcək əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.
Daha sonra universitetdə “Dəyişən Dünyada Kapital Bazarları” mövzusunda panel müzakirəsi keçirilib. AKBA Direktorlar Şurasının sədri Orxan Bağırovun moderatorluğu altında keçirilən paneldə Bakı Fond Birjasının İdarə Heyətinin üzvü və Baş Əməliyyat İnzibatçısı Mətin Yolçiyev, Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədrinin müşaviri Müşfiq Əhmədli, ABB-İnvest İnvestisiya Şirkətinin İcraçı direktoru Nadir Babazadə və Unicapital İnvestisiya Şirkətinin direktoru Tələt Kalayev spiker qismində çıxış ediblər.
Müzakirələr zamanı qlobal iqtisadi proseslərin kapital bazarlarına təsiri, investisiya alətləri, IPO prosesləri, maliyyə texnologiyalarının inkişafı və Azərbaycanda kapital bazarlarının perspektivləri barədə iştirakçılarla geniş fikir mübadiləsi aparılıb.
Proqramdan sonra iştirakçılar üçün Xankəndi şəhəri ilə tanışlıq gəzintisi təşkil edilib, daha sonra yerli biznes nümayəndələri və maliyyə sektoru iştirakçıları ilə görüş keçirilib.
Səfərin ikinci günü iştirakçılar Şuşa şəhərinə səfər edərək, burada həyata keçirilən yenidənqurma və bərpa işləri, tarixi-mədəni irs nümunələri və regionun inkişaf perspektivləri ilə yaxından tanış olublar.
Bakı Fond Birjası üçün kapital bazarları üzrə maarifləndirmə fəaliyyətlərinin genişləndirilməsi, maliyyə savadlılığının təşviqi və regionlarda investisiya mədəniyyətinin inkişafına dəstək göstərilməsi əsas prioritetlərimizdəndir.