Azərbaycan ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mayın 7-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan ilə İİB arasında əməkdaşlığın cari vəziyyəti, mövcud layihələrin icra vəziyyəti və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Nazir Sahil Babayev İİB ilə əməkdaşlığın ölkəmizin sosial-iqtisadi inkişafında mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, 2026-cı ilin 16–19 iyun tarixlərində Bakıda keçiriləcək Bankın 51-ci İllik Toplantısı əməkdaşlığın yeni mərhələyə yüksəlməsi üçün əhəmiyyətli platforma olacaq. Bildirilib ki, Bank tərəfindən bu günədək ölkəmizdə 19 dövlət zəmanətli layihə üzrə 1 milyard ABŞ dollarından artıq vəsait ayrılıb.
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinə toxunan S.Babayev Bank ilə əməkdaşlıq çərçivəsində icra olunan “Qarabağ suvarma kanalının yenidən qurulması” layihəsinin regionun dirçəldilməsi, sosial-iqtisadi inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından mühüm rol oynadığını qeyd edib. Eyni zamanda, bu layihə çərçivəsində genişmiqyaslı suvarma infrastrukturunun yenilənməsinin regionlarda kənd təsərrüfatının inkişafına, su resurslarının səmərəli idarə olunmasına və məhsuldarlığın artırılmasına mühüm töhfə verəcəyi diqqətə çatdırılıb.
Öz növbəsində, M.S.Əl Casir Azərbaycan ilə əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, Bankın ölkəmizdə sosial-iqtisadi layihələrin maliyyələşdirilməsinə dəstəyini davam etdirməyə hazır olduğunu bildirib və bu çərçivədə su və meliorasiya, nəqliyyat infrastrukturunun inkişafı və dəmir yolu layihələri üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüş zamanı, həmçinin, Texniki Əməkdaşlıq Proqramı çərçivəsində bilik və təcrübə mübadiləsinin təşviqi, kənd təsərrüfatı, su idarəçiliyi və rəqəmsal transformasiya sahələrində texniki yardım və birgə təşəbbüslərin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.