Digər xəbərlər


AİB-nin İllik Toplantısı çərçivəsində Azərbaycan nümayəndə heyəti işgüzar görüşlər keçirib
06.05.2026

AİB-nin İllik Toplantısı çərçivəsində Azərbaycan nümayəndə heyəti işgüzar görüşlər keçirib

Mayın 5-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən Asiya İnkişaf Bankının (AİB) İllik Toplantısı çərçivəsində Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev “Qlobal dəyər zəncirlərinin, texnologiya və inklüziv artımın dəyişdirilməsi” mövzusunda keçirilən Rəhbərlər Şurasının plenar sessiyasında iştirak edib.

İclasda qlobal dəyər zəncirlərində texnoloji transformasiya, regional inteqrasiyanın dərinləşdirilməsi və iqtisadi dayanıqlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, avtomatlaşdırma, süni intellekt və rəqəmsal texnologiyalar istehsal və təchizat zəncirlərini sürətlə dəyişdirir, xidmət sektorunun rolunu artırır və bu proses yeni çağırışlar yaradır.

Eyni zamanda, inkişaf etməkdə olan ölkələrin qlobal dəyər zəncirlərinə daha effektiv inteqrasiyası üçün bacarıqların inkişafı, infrastrukturun təkmilləşdirilməsi, rəqəmsallaşma və maliyyəyə çıxışın genişləndirilməsinin vacibliyi qeyd edilib. Bu kontekstdə regional əməkdaşlığın gücləndirilməsi və təchizat zəncirlərinin şaxələndirilməsi vasitəsilə iqtisadi dayanıqlığın artırılmasında AİB-nin aparıcı rolu vurğulanıb.

İllik Toplantının üçüncü günündə Azərbaycanın maliyyə naziri S.Babayev Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili ilə görüşüb. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb, institusional əməkdaşlıq çərçivəsində Hökumətlərarası Komissiyanın ikitərəfli əməkdaşlığın əlaqələndirilməsi və prioritet istiqamətlərin inkişaf etdirilməsi baxımından mühüm platforma olduğu bildirilib.

S.Babayev qeyd edib ki, nəqliyyat və tranzit sahəsində əməkdaşlıq, xüsusilə Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz çərçivəsində Bakı–Tbilisi–Qars dəmir yolu və digər logistika marşrutları regional ticarətin genişlənməsinə və təchizat zəncirlərinin dayanıqlığının güclənməsinə mühüm töhfə verir. Nazir bu sahədə tranzit siyasəti üzrə koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb.

O, həmçinin strateji regional enerji layihələrinə toxunaraq bildirib ki, Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi və Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan enerji dəhlizi regional əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və bu layihələrin icrasının sürətləndirilməsi, eləcə də beynəlxalq maliyyələşmənin cəlb edilməsi prioritet istiqamətlərdəndir.

Görüş zamanı, həmçinin dövlət maliyyəsi sahəsində həyata keçirilən islahatlar, fiskal dayanıqlığın gücləndirilməsi, dövlət-özəl tərəfdaşlığı mexanizmləri və beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, regional layihələr üzrə koordinasiyanın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Tərəflər yaxın zamanlarda iki ölkənin Maliyyə nazirlikləri arasında əməkdaşlığa dair memorandumun hazırlanaraq imzalanması barədə razılıq əldə ediblər.

Maliyyə nazirinin müavini Himalay Məmişovun Çin Xalq Respublikasının Maliyyə Nazirliyinin nümayəndələri ilə görüşündə isə Azərbaycan və Çin arasında münasibətlərin dinamik inkişafı yüksək qiymətləndirilib, ikitərəfli əlaqələrin siyasi etimad, həmçinin energetika, nəqliyyat və rəqəmsal transformasiya sahələrində artan əməkdaşlığa əsaslandığı vurğulanıb. Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli platformalar, o cümlədən AİB çərçivəsində Çin ilə tərəfdaşlığın daha da möhkəmləndirilməsində maraqlı olduğu qeyd edilib. Eyni zamanda, regionda nəqliyyat-logistika bağlantılarının gücləndirilməsi, dayanıqlı inkişaf və regional inteqrasiya gündəliyinə Azərbaycanın sadiqliyi bir daha ifadə olunub.

Görüşdə Azərbaycanın sənaye zonalarında Çin şirkətlərinin daha fəal iştirakı, istehsalat və yaşıl texnologiyalar, rəqəmsal iqtisadiyyat və logistika sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsinin ölkəmizin strateji maraqlarına uyğun olduğu və bu istiqamətdə tərəfdaşlıq layihələrinin reallaşdırılmasının vacibliyi vurğulanıb.

H.Məmişov Çinin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan ilə Çin arasında iqtisadi-ticari əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. Qeyd olunub ki, xüsusilə ixracın diversifikasiyası və qeyri-neft sektorunda ticarət dövriyyəsinin artırılması qarşılıqlı münasibətlərin əsas inkişaf istiqamətlərindən biri kimi çıxış edir.

Çin tərəfi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının İnkişaf Bankına mümkün üzvlük məsələsinin nəzərdən keçirilməsini xahiş edib.

H.Məmişovun Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Baş investisiya direktoru Konstantin Limitovski ilə keçirilən görüşündə isə Azərbaycan ilə AİİB arasında əməkdaşlığın uğurla davam etdiyi qeyd olunub, Bankın Azərbaycanın infrastrukturun inkişafı və yaşıl keçid sahələrində əsas beynəlxalq maliyyə tərəfdaşlarından biri kimi çıxış etdiyi vurğulanıb.

Maliyyə nazirinin müavini bildirib ki, Azərbaycan 2016-cı ildən AİİB-nin təsisçi üzvü kimi Bankla əməkdaşlığını uğurla davam etdirir və bu əməkdaşlıq “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə tam uyğun olaraq ölkənin strateji inkişaf hədəflərinin reallaşdırılmasına xidmət edir. Eyni zamanda, 2025-ci ilin sentyabrında imzalanmış Birgə Bəyannaməyə sadiqlik bir daha ifadə olunub.

Görüşdə AİİB-nin maliyyələşdirdiyi layihələr, o cümlədən TANAP qaz kəməri, “Bankə” və “Biləsuvar” günəş elektrik stansiyaları və digər layihələr üzrə müvafiq maliyyələşmələrin təmin olunduğu diqqətə çatdırılıb.

Tərəflər, həmçinin Bakı metrosunun genişləndirilməsi, dayanıqlı infrastruktur, yaşıl enerji, iqlim maliyyələşdirilməsi, dövlət-özəl tərəfdaşlığı və rəqəmsal infrastruktur kimi prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb, maliyyələşdirmə alətlərinin diversifikasiyası və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Toplantı çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri, həmçinin AİB-nin Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində keçirilən “Turizmlə regionların əlaqələndirilməsi” adlı tədbirdə iştirak edib.

AİB-nin Azərbaycan üzrə ölkə direktoru xanım Sünniyə Durrani-Camalın moderatorluğu ilə keçirilən sessiyada bildirilib ki, turizm sektorunun qlobal ÜDM-də payı hazırda təxminən 10 faiz təşkil edir və bu göstəricinin 2030-cu ilə qədər CAREC regionunda 13 faizə çatdırılması üçün böyük potensial mövcuddur. Bu məqsədə nail olmaq üçün region ölkələri arasında koordinasiyalı fəaliyyətin vacibliyi vurğulanıb.

Qeyd olunub ki, turizmin inkişafı baxımından region ölkələrinin müqayisəli üstünlüklərinin müəyyən edilməsi, regionu əhatə edən vahid turizm marşrutlarının formalaşdırılması, bu marşrutlar üzrə vahid viza mexanizmlərinin tətbiqi və sərhəd-keçid proseslərinin sadələşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, turizm sahəsində rəqəmsal alətlərin geniş tətbiqi və regionun vahid turizm məkanı kimi təşviqi istiqamətində addımların atılmasının zəruriliyi diqqətə çatdırılıb.

Bununla yanaşı, özəl sektorun turizm sahəsində fəallığının artırılması və bu istiqamətdə əlverişli biznes mühitinin yaradılması vacib amillərdən biri kimi qeyd edilib.

Tədbir çərçivəsində, həmçinin AİB-nin region ölkələrinə turizm sektorunun inkişafı və regional inteqrasiyanın gücləndirilməsi istiqamətində dəstək göstərməyə hazır olduğu bildirilib.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment