29 aprel 2026-cı il tarixində Bakı Fond Birjası (BFB) Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) tərəfindən təşkil olunan “PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif (IPO) üsulu ilə yerləşdirilməsi mövzusuna həsr olunmuş tədbirdə iştirak edib.
AHK-nın Maliyyə Xidmətləri İşçi Qrupunun növbəti yığıncağı çərçivəsində keçirilən tədbir kapital bazarlarında IPO mexanizmləri, investor davranışı və bazar infrastrukturu ilə bağlı aktual məsələlərin müzakirəsi üçün platforma rolunu oynayıb.
Unicapital İnvestisiya Şirkətinin Baş direktoru Vüqar Namazovun moderatorluğu ilə baş tutan bu tədbirdə PAŞA Bankın Treydinq şöbəsinin rəhbəri Sərxan Piriyev, Bakı Fond Birjasının Listinq bölməsinin rəhbəri Fərhad Mansurov və Unicapital İnvestisiya Şirkətinin Müştəri sifarişlərinin qəbulu və icrası şöbəsinin rəhbəri Röyal Lətifli spiker qismində çıxış ediblər.
Müzakirələr zamanı IPO qərarının arxasında dayanan strateji məqsədlər, investorların bu prosesdə diqqət yetirməli olduğu əsas məqamlar, eləcə də dividend siyasətinin investorlar üçün əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, investorlar üçün məlumat əlçatanlığı və investisiyaların etibarlılığı məsələləri, səhmlərin ikinci bazarda, Bakı Fond Birjasında ticarəti üçün mövcud mexanizmlər, IPO-larda iştirak imkanları və rəqəmsallaşmanın bu prosesə təsiri geniş şəkildə müzakirə olunub.
Tədbir iştirakçılar arasında aktiv müzakirələr və sual-cavab sessiyası ilə yekunlaşıb.