Müəllif: Dilarə Zamanova
Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi
Press-reliz ictimai əlaqələr sistemində ən vacib yazılı kommunikasiya vasitələrindən biridir. O, təşkilatların, şirkətlərin və müxtəlif qurumların baş verən hadisələr, yeniliklər və mühüm qərarlar barədə ictimaiyyətə və mediaya rəsmi məlumat ötürmək üçün istifadə etdikləri əsas PR mətnidir. Press-reliz sadəcə məlumat vermək funksiyasını daşımır, eyni zamanda xəbərin necə qəbul ediləcəyini də formalaşdıran strateji kommunikasiya vasitəsidir.
Press-relizlər adətən mühüm bir hadisə baş verdikdə və ya ictimaiyyətin məlumatlandırılması zəruri olduqda hazırlanır. Məsələn, yeni layihənin başlanması, mühüm əməkdaşlığın qurulması, təşkilatda baş verən struktur dəyişikliklər və ya ictimai əhəmiyyət daşıyan tədbirlər zamanı press-reliz vasitəsilə media məlumatlandırılır. Bu mətn forması xəbərin geniş auditoriyaya düzgün və dəqiq şəkildə çatdırılmasını təmin edir.
Press-relizlərin iki əsas növü mövcuddur: informativ və ekspert xarakterli relizlər. İnformativ press-relizlər daha çox faktlara əsaslanır və baş verən hadisəni qısa, aydın və obyektiv şəkildə təqdim edir. Bu tip mətnlərdə emosional ifadələrə yer verilmir, əsas məqsəd məlumatın olduğu kimi çatdırılmasıdır. Ekspert press-relizlər isə mövzuya daha dərin yanaşma təqdim edir. Burada mütəxəssis rəyləri, statistik göstəricilər və analitik şərhlər yer alır. Bu yanaşma xəbəri daha zəngin və etibarlı edir.
Klassik press-reliz müəyyən struktur üzərində qurulur və bu struktur onun effektivliyini birbaşa müəyyən edir. İlk mərhələdə diqqətçəkici və qısa başlıq yazılır. Başlıq oxucunun marağını cəlb etməli və məzmunu ümumi şəkildə ifadə etməlidir. Daha sonra lid hissə gəlir və bu hissədə “kim?”, “nə?”, “harada?”, “nə zaman?” və “niyə?” suallarına cavab verilir. Lid press-relizin ən vacib hissələrindən biridir, çünki oxucu ilk məlumatı buradan alır və qərar verir ki, mətni oxumağa davam etsin, ya yox.
Əsas hissədə hadisənin detalları geniş şəkildə izah olunur. Burada əlavə məlumatlar, prosesin gedişi və vacib məqamlar ardıcıllıqla təqdim edilir. Daha sonra mətnə sitatlar əlavə olunur. Sitatlar press-relizə canlılıq verir və mətnin daha etibarlı görünməsinə kömək edir, çünki burada rəsmi şəxslərin və ya ekspertlərin birbaşa fikirləri yer alır. Sonda isə faktlar və fon məlumatları verilir ki, bu da oxucuya əlavə kontekst yaradır.
Press-reliz hazırlanarkən onun mediaya uyğunlaşdırılması da xüsusi əhəmiyyət daşıyır. Jurnalistlər üçün yazılan bir mətn qısa, aydın və istifadəyə hazır olmalıdır. Media nümayəndələri uzun və mürəkkəb cümlələrdən çox, birbaşa istifadə edilə bilən, strukturlaşdırılmış və informativ mətnləri üstün tuturlar. Ona görə də press-reliz hazırlanarkən jurnalistin ehtiyacları nəzərə alınmalıdır.
Təcrübə göstərir ki, redaktorlar press-relizi oxuyarkən ilk olaraq başlığa diqqət yetirirlər. Əgər başlıq cəlbedici deyilsə, mətn çox vaxt oxunmur. Daha sonra ilk iki-üç cümlə – yəni lid hissə – onların qərar verməsində həlledici rol oynayır. Əgər bu hissə kifayət qədər aydın və maraqlı deyilsə, mətnin davamı çox vaxt nəzərdən keçirilmir. Sitatlar isə press-relizin ən çox diqqət edilən hissələrindən biridir, çünki onlar xəbərə insan faktoru və etibarlılıq qatır.
Press-relizlərdə ən çox rast gəlinən səhvlərdən biri mətnin reklam xarakteri daşımasıdır. PR mətni informasiya verməli olduğu halda, bəzən həddindən artıq tərif və marketinq dili istifadə edilir ki, bu da onun mediada qəbul olunmasını çətinləşdirir. Digər bir səhv isə strukturun pozulmasıdır. Aydın olmayan başlıqlar, zəif lid və qarışıq təqdimat press-relizin effektivliyini azaldır. Həmçinin faktların çatışmazlığı və ya qeyri-dəqiq verilməsi də ciddi problem hesab olunur.
Nəticə olaraq demək olar ki, press-reliz sadəcə bir xəbər mətni deyil, strateji kommunikasiya alətidir. Düzgün yazılmış press-reliz təşkilatın imicini gücləndirir, media ilə düzgün əlaqə yaradır və informasiyanın ictimaiyyətə effektiv şəkildə çatdırılmasını təmin edir.