Maliyyə Nazirliyinin nümayəndələri dövlət maliyyəsinin idarə edilməsi sahəsində keçirilən beynəlxalq konfransda iştirak ediblər
Özbəkistan Respublikasının Səmərqənd şəhərində “IV Dövlət maliyyəsinin idarə edilməsi sahəsində təcrübə mübadiləsi” üzrə beynəlxalq konfrans keçirilib.
Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyinin Rusiya Federasiyasının Maliyyə Nazirliyi ilə birgə təşkil etdiyi konfransın məqsədi MDB ölkələrinin müvafiq qurumları arasında dövlət maliyyə idarəçiliyi sahəsində əməkdaşlığın gücləndirilməsi və peşəkar təcrübə mübadiləsinin genişləndirilməsidir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Büdcə şöbəsinin, Dövlət Xəzinədarlığı Agentliyinin və Nazirliyin Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzinin əməkdaşlarının da iştirak etdiyi tədbirdə "Azərbaycanda büdcə planlaşdırılması və büdcə xərclərinin səmərəliliyinin monitorinqi sahəsində islahatlar” mövzusunda təqdimat edilib, iştirakçıların sualları cavablandırılıb.
Konfrans çərçivəsində həmçinin nəticəəsaslı büdcənin tətbiqi prosesində büdcə alətlərindən istifadə, büdcə prosesinin rəqəmsallaşdırılması, yaşıl büdcə və süni intellektin tətbiqi mövzularında müzakirələr aparılıb.