Mərkəzi Bank media nümayəndələrinin mərkəzi bankçılıq və maliyyə sektorunun gündəmində olan aktual mövzular üzrə bilik və məlumatlılıq səviyyəsinin artırılmasına yönəlmiş təşəbbüslərini davam etdirir.
Bu çərçivədə media nümayəndələri üçün “Açıq bankçılıq: əsas anlayışlar” mövzusunda təlim təşkil olunub. Təlimdə 20-yə yaxın media nümayəndəsi iştirak edib. Sessiya zamanı açıq bankçılıq anlayışı, onun maliyyə sektorunda rolu, innovativ maliyyə xidmətlərinin formalaşması və inkişafına təsiri barədə ətraflı məlumat təqdim edilib.
Təlim iştirakçılarına ölkədə açıq bankçılıq yanaşmasının tətbiqi istiqamətləri, açıq maliyyə modelinə keçid, bu sahədə formalaşdırılan tənzimləyici çərçivə, eləcə də beynəlxalq təcrübə haqqında təqdimat keçirilib. Tədbir zamanı mövzu ətrafında müzakirələr aparılıb, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Açıq bankçılıq konsepsiyası maliyyə sektorunda rəqabəti və innovasiyanı təşviq edir, daha çevik, əlçatan və müştəriyönümlü xidmətlərin inkişafına şərait yaradır. Bu yanaşma eyni zamanda maliyyə xidmətlərində şəffaflığın və səmərəliliyin artırılmasına dəstək verir.
Mərkəzi Bank maliyyə savadlılığının və ictimai məlumatlılığın artırılmasını prioritet istiqamətlərdən biri hesab edir və bu sahədə maarifləndirici təşəbbüsləri davam etdirir.