Mərkəzi Bank rəqəmsal maliyyə texnologiyaları ekosisteminin inkişafının təşviqinə, eləcə də bu sahədə məlumatlılığın artırılmasına və insan kapitalının inkişafına xüsusi önəm verir. Bu istiqamətdə həyata keçirilən təşəbbüslər çərçivəsində ölkənin qabaqcıl ali təhsil müəssisələrindən olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbələr üçün “Maliyyə texnologiyaları və rəqəmsal transformasiya” mövzusunda təlim proqramı təşkil olunub.
100-ə yaxın tələbənin iştirak etdiyi proqram çərçivəsində “Rəqəmlərlə iqtisadiyyatın idarə edilməsi”, “Rəqəmsal maliyyə məhsulları”, “Ödəniş sistemləri və innovasiyalar”, “Məlumatların idarə edilməsi” və “Virtual aktivlərin tənzimlənməsi” mövzularında təlimlər keçirilib. Təlimlər zamanı iştirakçılara qeyd olunan istiqamətlər üzrə aktual yanaşmalar, praktik biliklər və real nümunələr təqdim olunub.
Mərkəzi Bankın nümayəndələri tərəfindən keçirilən sessiyalar çərçivəsində tələbələr rəqəmsal maliyyə ekosistemində baş verən yeniliklər, müasir çağırışlar və innovativ həllərlə yaxından tanış olmaq imkanı əldə ediblər.
Proqram eyni zamanda interaktiv müzakirə mühiti yaradaraq iştirakçıların mövzular üzrə daha dərindən bilik qazanmasına şərait yaradıb.
Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.