Bu haqda məlumatı bankın İdarə Heyəti Sədrinin 1-ci müavini Cavid Mirzəyev bu gün keçirilən mətbuat konfransında verib. “2025-ci il üçün konsolidə edilmiş rəqəmlərə əsasən deyə bilərəm ki, bankımız ötən ili olduqca uğurlu bir göstərici ilə – 274 milyon 560 min manat xalis mənfəətlə başa vurub. Bu rəqəm 2024-cü illə müqayisədə 15% artım deməkdir. Təbii ki, istər aktivlərin, istərsə də öhdəliklərin uğurlu idarə edilməsi bilavasitə bankın maliyyə nəticələrində öz əksini tapır. Bankımızın mənfəət və zərər göstəricilərinə nəzər salsaq görərik ki, 2025-ci il ərzində toplam faiz gəlirlərimiz 1 milyard 173 milyon 779 min manat təşkil edib. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 31% çoxdur. Bu artımın təməlində həm korporativ, kiçik və orta biznes, həm də fiziki şəxs olan müştərilərimizin sayının əhəmiyyətli dərəcədə çoxalması dayanır".
Kapital Bank 11 milyard 573 milyon 501 min manat dəyərindəki cəmi aktivləri ilə ölkədə ən böyük banklardan biridir
2025-ci ilin sonuna audit olunmuş maliyyə hesabatlarına əsasən, Kapital Bank 11 milyard 573 milyon 501 min manat dəyərindəki cəmi aktivləri ilə ölkədə ən böyük banklardan biri olaraq qalır. Aktivləri fərqli istiqamətlərdə inkişaf etdirmək üçün qəbul etdiyimiz strateji qərarlar nəticəsində, müştərilərimizə təklif olunan xidmətlərin balansını ideal səviyyədə saxlamağa müvəffəq olmuşuq. İnkişaf dinamikasını kapitalda da görmək mümkündür; belə ki, 2025-ci il sonu etibarilə cəmi kapitalımızın həcmi ötən illə müqayisədə artaraq 1 milyard 332 milyon 504 min manata çatıb. Aktivlərimizin strukturuna daha detallı nəzər salsaq, ən böyük payın ənənəvi olaraq kredit portfelinə məxsus olduğunu görərik. Ötən illə müqayisədə kredit portfelimizdə 2.08% artım qeydə alınıb və ilin sonuna ümumi məbləğ 5 milyard 96 milyon 511 min manat olaraq Bank aktivlərinin 44%-ni təşkil edib. Bu böyümənin arxasında duran əsas səbəblər həm müştəri bazamızın, xüsusən pərakəndə və mikro seqmentdə davamlı artımı, həm də ölkə iqtisadiyyatındakı ümumi inkişaf meylləridir.