2026-cı ilin I rübündə Bakı Fond Birjasında ABB səhmləri üzrə təkrar bazar dövriyyəsi bir il əvvəlki eyni dövrlə müqayisədə 2.30% azalaraq yekunlaşdı. İlkin bazarda isə emissiya sayı və həcm hər iki göstərici üzrə 2025-ci ilin I rübündən geri qaldı.
Təkrar bazarda aylıq dinamika
Yanvar 2026-da ABB səhmlərinin dövriyyəsi 939,249 AZN təşkil etdi. Yanvar 2025-lə müqayisədə fərq cəmi 0.18% oldu — göstərici demək olar dəyişmədi. Fevralda dövriyyə 1,268,730 AZN-ə qalxdı və fevral 2025-ə nisbətən 13.53% artım qeydə alındı. Martda isə dövriyyə 409,240 AZN-ə düşdü; mart 2025-lə müqayisədə azalma 34.38% təşkil etdi.
Ümumi nəticəyə baxdıqda, 2025-ci ilin I rüb dövriyyəsi yanvarda 937,608 AZN, fevralda 1,117,555 AZN və martda 623,623 AZN olmaqla cəmi 2,678,786 AZN, 2026-cı ildə isə üç ay üzrə yekun 2,617,219 AZN olaraq, 2.30% azalma müşahidə olunur.
İlkin bazarda vəziyyət
2025-ci ilin birinci rübündə ilkin bazarda üç emissiya baş tutmuşdu. Martda İnternational BOKT səhmi üzrə 2,000,000 AZN-lik yerləşdirmə, fevralda BOKT Azkredit səhmi 300,000 AZN və Legion Financial səhmi 120,000 AZN olmaqla birgə 420,000 AZN-lik emissiya həyata keçirildi. Yanvar 2025-də ilkin yerləşdirmə olmadı.
2026-cı ildə yanvar və fevral aylarında heç bir ilkin yerləşdirmə baş tutmadı. Martda Legion Financial yenidən bazara çıxaraq 220,000 AZN həcmində səhm emissiyası həyata keçirdi. Beləliklə, 2025-ci ilin I rübündəki üç emissiya və 2,420,000 AZN-lik ümumi həcmə qarşı 2026-cı ildə bir emissiya və 220,000 AZN-lik həcm qeydə alınmışdı
Ümumilikdə, 2026-cı ilin I rübündə həm ilkin, həm də təkrar bazarda ticarət həcmləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə aşağı qaldı. Təkrar bazarda fevral artımı bu fərqi qismən azaltsa da, rüb üzrə ümumi göstərici mənfi zonada formalaşdı.