10 aprel 2026-cı il tarixində Mərkəzi Gömrük Hospitalında “UpToDate” sübutlu təbabətə əsaslanan dünyanın aparıcı rəqəmsal platforması və klinik məlumat resursunun təqdimatı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkim, t.e.d. Bəxtiyar Musayev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Azad Əhmədov və “UpToDate” platformasının yaradıcısı və təminatçısı olan “Wolters Kluwer” şirkətinin regional nümayəndəsi, tibbi innovasiyalar üzrə ekspert Vildan Kandur Stanio iştirak ediblər.
Görüşdə Vildan Kandur Stanio “UpToDate” platformasının yenilikləri, Ekspert Aİ - süni intellekt əlavəsinin üstünlükləri, funksional imkanları və praktik tətbiq sahələri barədə ətraflı məlumat verib. O bildirib ki, “UpToDate” sübutlu təbabətə əsaslanan tibbi məlumat bazasına çıxışı təmin etməklə yanaşı, həkimlərə klinik qərarvermə prosesində dəstək göstərir, diaqnostika və müalicə planlarının daha dəqiq və effektiv şəkildə qurulmasına imkan yaradır.
Qeyd olunub ki, yaxın zamanda portalın Ekspert Aİ əlavəsinin Azərbaycandakı istifadəçilər üçün də əlçatan olması planlaşdırılır ki, bu da yerli səhiyyə mütəxəssislərinin ən müasir tibbi bilik və innovativ həllərə çıxış imkanlarını daha da genişləndirəcək.
Tədbir çərçivəsində iştirakçılar platformanın praktiki istifadəsi ilə tanış olub, onları maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparıblar. Bildirilib ki, bu kimi innovativ texnologiyaların tətbiqi səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, pasiyent məmnuniyyətinin artırılmasına və müasir tibbi yanaşmaların genişləndirilməsinə mühüm töhfə verəcək.
Sonda qeyd olunub ki, “UpToDate” platforması səhiyyədə rəqəmsal transformasiyanın sürətləndirilməsi, tibbi biliklərin əlçatanlığının artırılması və ümumi xidmət keyfiyyətinin yüksəldilməsi baxımından geniş perspektivlərə malikdir. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.