Bank xəbər verir ki, Müşahidə Şurasının qərarına əsasən Fərid Quliyev İdarə Heyətinin üzvü, sədr müavini və eyni zamanda Baş kommersiya inzibatçısı vəzifəsinə təyin olunub. Bu təyinatla bankın İdarə Heyəti beş nəfərlik tərkibdə formalaşıb.
Fərid Quliyev bank və maliyyə sektorunda 25 ildən artıq peşəkar təcrübəyə malikdir. O, karyerasına 2002-ci ildə Azərbaycan Mikromaliyyələşmə Bankında başlayıb, daha sonra Credit Europe Bank və Asian Pacific Bank kimi beynəlxalq maliyyə institutlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2015-ci ildən etibarən PAŞA Bank-da fəaliyyət göstərən Quliyev burada 2025-ci ilə qədər Korporativ və institusional bankçılıq üzrə aparıcı direktor olub, 2026-cı ildə isə Strategiya üzrə aparıcı direktor vəzifəsini icra edib.
Təhsilinə gəldikdə, o, 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr dərəcəsini bitirib. Bundan əlavə, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarə edilməsi ixtisası üzrə ikinci ali təhsil alıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 28 mart 2024-cü il tarixli sərəncamına əsasən bankın nizamnamə kapitalında dövlətə məxsus səhmlərin 51%-i Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ötürülüb. Dövlət adından səhmdarların ümumi yığıncağında qərarların qəbulu isə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla həyata keçirilir.
Hazırda bankın səhmdar kapitalının strukturu belədir:
Dövlət – 75% (o cümlədən 51%-i SOCAR-a məxsusdur),
“AzRe Təkrarsığorta” ASC – 6.55%,
“Qala Həyat Sığorta Şirkəti” ASC – 5%,
“T.C. Ziraat Bankası” AŞ – 12.37%,
“Ziraat Bank International” AG – 1.08%.
Nəzərinizə çatdıraq ki, “Azər-Türk Bank” ASC-nin Bakı Fond Birjasında bazar kapitalizasiyası hazırda 100,5 milyon manat təşkil edir.