10-12 mart tarixlərində Maliyyə Nazirliyində “Azərbaycanda yeni büdcə mexanizminin tətbiqi və bu sahədə potensialın artırılması” mövzusunda ümumi tədris proqramı üzrə nəzəri-metodoloji əsaslı təlimlər keçirilib.
Nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının əhatəsinin genişləndirilməsi və potensialın artırılması məqsədilə keçirilən təlimlərdə islahatlara yeni cəlb edilmiş “Səhiyyə” və “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət” funksional bölmələrinə daxil edilən sektorlarda fəaliyyəti olan 40 dövlət qurumundan 60-a yaxın nümayəndə iştirakı edib.
Təlimlər müddətində Maliyyə Nazirliyinin Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Mərkəzinin təlimçi komandası tərəfindən strukturlaşdırılmış təlim proqramının modulları üzrə sektorlar üzrə strateji və büdcə planlarının tərtibinin və monitorinqinin əsaslarına dair mövzular tədris olunub.
Tədris prosesi təqdimatlarla çıxış və praktiki məşğələlər əsasında təşkil edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, nəticəəsaslı büdcə mexanizminin tətbiqi dövlətin maliyyə resurslarından təyinatı üzrə səmərəli və effektiv istifadənin təmin edilməsi və büdcə planlamasının strateji hədəflərlə uzlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.