Dövlət Gömrük Komitəsinin əməkdaşları Avstriya Respublikasının paytaxtı Vyana şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Narkotik Vasitələr üzrə Komissiyasının 69-cu sessiyasında iştirak ediblər.
Sessiyanın məqsədi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı beynəlxalq səviyyədə mübarizənin gücləndirilməsi, mövcud çağırışların müzakirəsi, həmçinin dövlətlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi olub.
Tədbir çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, sərhəd təhlükəsizliyinin gücləndirilməsi, risklərin idarə olunması və hüquq-mühafizə orqanları arasında koordinasiyanın artırılması kimi məsələlər müzakirə olunub.
Sessiya çərçivəsində “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində beynəlxalq və regional əməkdaşlıq” mövzusunda keçirilən yan tədbirdə Dövlət Gömrük Komitəsinin nümayəndəsi çıxış edərək Ümumdünya Gömrük Təşkilatının (ÜGT) əsas strateji prioritetlərindən biri olan “Cəmiyyətin qorunması” istiqaməti üzrə gömrük orqanlarının roluna diqqət çəkib.
Eyni zamanda, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) artan strateji əhəmiyyəti vurğulanaraq bu marşrut boyunca gömrük orqanları arasında əməkdaşlığın gücləndirilməsinin, müasir nəzarət mexanizmlərinin tətbiqinin və potensialın artırılmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbir çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) ilə Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi arasında əməkdaşlıq imkanları müzakirə olunub.