“Facemark” şirkətinin təşkilatçılığı və “HR Option” şirkətinin təşkilati dəstəyi ilə 16 may tarixində “Baku Marriott Hotel Boulevard”da IX Milli İnsan Resursları Forumu təşkil olunacaq. İnsan resursları sahəsində fəaliyyət göstərən peşəkarları, şirkət rəhbərlərini və HR mütəxəssislərini bir araya gətirəcək forum ölkədə HR sahəsinin inkişafına töhfə verməyi hədəfləyir.
“Yeni reallıq” konsept mesajı ilə keçirilən forumun əsas məqsədi insan resurslarının idarə olunması sahəsində müasir yanaşmaların müzakirəsi, peşəkar təcrübə mübadiləsinin təşviqi və HR sahəsində yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır. Bu konsept, insan resursları sahəsində artıq uzun müddətdir müzakirə olunan, lakin bu gün tam şəkildə qəbul edilən və gündəlik praktikaya çevrilən qlobal dəyişiklikləri ifadə edir. Süni intellektin HR proseslərinə inteqrasiyası, texnologiyanın qərarvermədə artan rolu, iş modellərinin transformasiyası, eləcə də nəsil dəyişimi və yeni əmək davranışları artıq gələcəyə dair proqnozlar deyil — mövcud iş mühitinin ayrılmaz hissəsidir. “Yeni Reallıq” anlayışı HR-ın bu dəyişiklikləri müzakirə etdiyi mərhələdən, onları idarə etdiyi və yönləndirdiyi mərhələyə keçidi simvolizə edir.
Forum proqramı çərçivəsində müxtəlif mövzuları əhatə edən panel müzakirələri keçiriləcək.
I Panel – “Yeni Reallıqda Liderlik”
Panel çərçivəsində CEO və HR rəhbərlərinin yeni dövrdə dəyişən rolu, süni intellekt və data əsaslı qərarların etik çərçivəsi, yüksək performansla insan rifahı arasında balansın qorunması, eləcə də təşkilati mədəniyyətin yeni reallıqda davamlı şəkildə inkişaf etdirilməsi kimi mövzular müzakirə olunacaq.
II Panel – “Yeni Reallıqda Oyun Qaydaları”
Bu paneldə HR və biznes liderləri dəyişən biznes mühitində yeni oyun qaydaları fonunda risklərin idarə olunması, davamlı inkişaf, insan kapitalının qorunması və təşkilati çevikliyin təmin edilməsi kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparacaqlar.
III Panel – “Yeni Reallıqda İnsan”
Fərdi çıxışlar formatında keçiriləcək bu panel yeni reallıqda insanın roluna və mövqeyinə fokuslanacaq. Süni intellektlə işləyən əməkdaşların psixoloji adaptasiyası, dəyişiklik yorğunluğu, mənalı iş anlayışı, nəsillərarası əməkdaşlıq və insan ləyaqətinin qorunması kimi mövzular spikerlərin şəxsi təcrübələri və real hekayələri üzərindən təqdim ediləcək.
Milli İnsan Resursları Forumu dövlət və özəl sektor nümayəndələrini, HR mütəxəssislərini və biznes liderlərini bir araya gətirərək bilik və təcrübə paylaşımı üçün əhəmiyyətli platforma rolunu oynayacaq.