8 Mart – İlham Verən Qadınlar Günü
8 Mart yalnız qadınları qeyd etmək günü deyil, onların gücünü, zəkanını və əzmkarlığını təqdir etmək üçün də xüsusi bir gündür. Hər uğurlu qadın həm işində, həm də həyatında nümunə olaraq ilham verir və ətrafındakıları ruhlandırır.
Xanımların Gücü və Liderliyi
Xanımlar həm şirkətlərin, həm də cəmiyyətin inkişafında əsas rol oynayırlar. Onlar yalnız idarəçilik və strateji qərar vermə sahəsində deyil, həmçinin innovasiya, komanda idarəçiliyi və sosial məsuliyyət sahələrində də liderlik nümayiş etdirirlər. Müasir korporativ mühitdə xanımların qatqısı məhsuldarlığı artırmaqla yanaşı, təşkilat mədəniyyətini də zənginləşdirir.
Qadın liderlər fərqlilik yaradır, müxtəlif perspektivləri birləşdirərək strateji hədəflərə nail olurlar. Onların qətiyyəti, yaradıcı yanaşması və əməkdaşlıq bacarıqları şirkətlərin davamlı uğuruna təkan verir. Hər bir xanımın peşəkar uğuru və liderlik nümunəsi gələcək nəsillərə ilham verir və korporativ mühitdə balanslı və inklüziv idarəçiliyin vacibliyini göstərir.
Xanımların korporativ mühitdə göstərdiyi liderlik və fərqlilik müxtəlif sahələrdə özünü açıq şəkildə göstərir. Aşağıda bu bacarıqları və nailiyyətləri nümayiş etdirən nümunələr təqdim olunur:
Aysel Süleymanova

Bakcell, PR və Korporativ Kommunikasiya Departamentinin Direktoru,
AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin sədri
Aysel Süleymanova 20 ildən artıq müddətdə telekommunikasiya, aviasiya, suveren investisiya strukturları və Big Four konsultinq sahələrində dərin təcrübə qazanmışdır. O, korporativ və marketinq kommunikasiyaları, həmçinin innovasiya və biznesin inkişafı strategiyalarını şirkətin böyümə və idarəetmə prioritetlərinə uyğun şəkildə inkişaf etdirmək və həyata keçirmək sahəsində ixtisaslaşır.
Karyerası boyunca Aysel müxtəlif təşkilatlara strateji transformasiya və inkişaf dövrlərində qoşulmuş, kommunikasiya və marketinq fəaliyyətlərini biznes məqsədləri ilə uyğunlaşdırmışdır.
Deviz:"Mən superqəhrəman deyiləm. Bəzən güclü, bəzən zəif oluram. Empatiya, səmimilik və intuisiya ilə dəyər yaradıram, çağırışları fürsət, səhvlərimi isə ən faydalı dərs kimi qarşılayıram"
Fərqanə Məmmədova

Kapital Bankın, Təşkilati İnkişaf və İnsan Kapitalı üzrə Baş Direktor, həmçinin “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasının İdarə Heyətinin üzvü olan Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin məzunudur.
O, təxminən on il (2000–2010) beynəlxalq humanitar təşkilatın milli ofisində çalışmışdır. Hazırda Fərqanə Məmmədova “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasının İdarə Heyətinin üzvüdür.
Həmin illərdə o, ikinci ali təhsilini psixologiya ixtisası üzrə almışdır. Valideyn himayəsindən məhrum uşaqlara və həssas vəziyyətdə olan qadınlara fərdi məsləhətlər vermişdir.
2012-ci ildən etibarən bank sektorunda İnsan Resurslarının idarə olunması sahəsində fəaliyyət göstərir. Hazırda Kapital Bankın, Təşkilati İnkişaf və İnsan Kapitalı üzrə Baş Direktor vəzifəsində çalışır.
Sertifikatlaşdırılmış kouç və NLP praktikaları üzrə masterdir.
Devizi:Övladlarınızın necə bir dünyada yaşamasını istəyirsinizsə, ətrafınızı ona dönüşdürün.
Fidan Əzimli
"ALPHA Coaching & Consulting" şirkətinin təsisçisi, ICF Professional Certified Coach (PCC)™, Mentor Coach və EMCC Senior Practitioner
Fidan Əzimli, 25 ildən artıqdır ki, psixologiyanın və beynəlxalq kouçinq standartlarını bir araya gətirərək fərdi və korporativ inkişafa xidmət edir. Bakı Dövlət Universitetində başladığı 13 illik akademik pedaqoji fəaliyyətini Kanadanın "Adler Coaching" və Belçikanın "Pluribus Global" kimi qlobal məktəblərinin təcrübəsi ilə zənginləşdirmişdir.
2011-ci ildə —"ALPHA Coaching & Consulting" şirkətini təsis edir. Onun yanaşmanın əsasını elmi əsaslı biliklər və beynəlxalq sertifikasiyalı peşəkarlıq təşkil edir. Azərbaycanın ən böyük şərkətlərdən və dövlət qurumlarından beynəlxalq şirkətlərə qədər geniş bir spektrdə təlimçi və kouç kimi fəaliyyət göstərərkən əsas hədəfi hər zaman dəqiq biliyi ən yüksək keyfiyyətlə ötürmək olub.
Fidan Əzimli üçün kouçinq sadəcə bir peşə deyil, hər bir detala göstərilən xüsusi diqqət və insanlar arasında sağlam münasibətlərə təsir edən vasitədir. O, inanır ki, yalnız dərindən mənimsənilmiş bilik və peşəkar yanaşma real transformasiyaya yol aça bilər.
Həyat devizi: "Bir işi görürsənsə, onu ya mükəmməl etməli, ya da heç etməməlisən; çünki həqiqi dəyər dəqiq bilik və yüksək keyfiyyətin vəhdətindən doğur."
Günel Mavliyarova

Pasha Bank Marketinq departamentinin direktoru
Günel Mavliyarova — marketinq sahəsində liderdir və effektiv marketinq sistemlərinin qurulması, brendlərin inkişafı və güclü müştəri ekosistemlərinin yaradılması üzrə ixtisaslaşıb. O, fəaliyyətində data-driven strategiyalara, rəqəmsal transformasiyaya və marketinq təşəbbüslərinin effektivliyinin artırılmasına fokuslanır.
Günel həmçinin şəxsi inkişaf, intuitiv liderlik və müasir idarəetmədə “yumşaq güc”ün rolu mövzularına xüsusi maraq göstərir. O inanır ki, davamlı biznes nəticələri analitika, kreativlik və insanları dərindən anlamağın kəsişməsində yaranır.
Həyat devizi: “Dəyər yarat, şüurlu hərəkət et və özünə sadiq qal.”
Hökümə Kərimova

Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru.ADA Universitetində korporativ kommunikasiya fənni üzrə müəllimdir.
Hökümə Kərimova, şirkətin reputasiyasının idarə olunması, tərəfdaşlarla kommunikasiya və strateji tədbirlərin planlaşdırılmasına cavabdehdir.
Daha əvvəl o, YARAT Müasir İncəsənət Məkanında PR direktoru, Portuqaliya Ofisinin direktoru və Junior Achievement Azerbaijan təşkilatının icraçı direktoru vəzifələrində çalışmışdır.
Hökümə xanım ADA Universitetində müəllimdir və bir sıra beynəlxalq platformalarda Azərbaycanı uğurla təmsil edib. O, Marketinq və Kommunikasiya üzrə MBA dərəcəsinə (ADA Universiteti, 2015), eləcə də ABŞ-ın Wartburg Universiteti və Azərbaycanın Xəzər Universitetində aldığı iki bakalavr dərəcəsinə malikdir. Eyni zamanda, o, ATƏT Yay Akademiyasının (Avstriya) məzunu, CAMCA 2025 proqramının məzunu, və UN Global Compact Leaders Summit 2024 tədbirinin iştirakçısıdır. Daha əvvəl İsrailin Azərbaycandakı səfirliyində İqtisadi və Ticarət Əlaqələri Departamentinin direktoru vəzifəsində çalışmışdır.
Deviz: Etimad üzərində qurulan kommunikasiya ən güclü strategiyadır
Kamalə Eynullayeva

La Aristocratie Jewellery, Təsisçi
Müasir təşkilatlarda liderlik artıq yalnız vəzifə və səlahiyyətlə ölçülmür. Əsl liderlik strateji baxış, insan kapitalının inkişafı və davamlı dəyər yaradan sistemlərin qurulması bacarığı ilə müəyyən olunur.
Kəmalə xanım Eynullayeva istedadların cəlb edilməsi, təşkilati inkişaf və strateji işçi qüvvəsi planlaşdırılması sahələrində fəaliyyət göstərən peşəkardır. Onun fəaliyyəti təşkilatlarda güclü və dayanıqlı insan kapitalı ekosisteminin formalaşdırılmasına yönəlib.
O, gənc istedadların cəlb edilməsi, gələcək liderlərin inkişafı, müasir işə qəbul strategiyalarının tətbiqi və güclü işəgötürən brendinin qurulması istiqamətlərində təşəbbüslər həyata keçirir. Təhsil müəssisələri ilə biznes sektoru arasında əməkdaşlığın inkişaf etdirilməsi, gənclər üçün yeni imkanların yaradılması və beynəlxalq təcrübəyə əsaslanan İR yanaşmalarının tətbiqi onun fəaliyyətinin əsas prioritetlərindəndir.
Kəmalə xanım hesab edir ki, təşkilatların uzunmüddətli uğuru insan kapitalının inkişafından başlayır. Bu yanaşma onun strateji baxışının və peşəkar fəaliyyətinin əsasını təşkil edir.
Peşəkar fəaliyyətindən əlavə, Kəmalə xanım sahibkar və yaradıcı şəxsiyyət kimi də fəaliyyət göstərir. Artıq 8 ildən çoxdur ki, o, La Aristocratie Jewellery brendinin təsisçisi və sahibidir. Bu brend vasitəsilə o, zərgərlik sənətində incəlik, estetika və fərdiliyi bir araya gətirən xüsusi bəzək əşyaları yaradır.
Strateji düşüncə ilə yaradıcılığı, bizneslə sənəti harmonik şəkildə birləşdirən Kəmalə xanım Eynullayeva həm peşəkar mühitdə insan kapitalının inkişafına, həm də zərgərlik sənəti vasitəsilə estetik dəyərlərin formalaşmasına töhfə verməyə davam edir.
Nərmin Qəniyeva

Üçüncü Bahar İB-nin İdarə Heyətinin sədri. Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidentinin baş məsləhətçisi. Sosial sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
26 illik peşəkar təcrübəyə malik olan Nərmin Qəniyeva bir çox sahələrdə rəhbər vəzifədə təcrübəyə malikdir.
Uzun illər dövlət-özəl dialoqun inkişaf etdirilməsi, biznesin inkişafına dəstək verilməsi sahələrində fəaliyyət göstərib.
O, Azərcell, Azərbaycan Risk Peşəkarları Assosiasiyası, Azərbaycan Banklar Assosiasiyası, AR ƏƏSMN tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində çalışmışdır.
Nərmin Qəniyevanın həyat devizi: qurub – yaradaraq, cəmiyyətə fayda vermək. Dəyişiklikləri gözləmədən, dəyişikliləri etməkdir.
Səbinə Pərvizi

Səbinə Pərvizi - Bloom Group marketinq və event agentliyinin təsisçisi və rəhbəridir.
Marketinq və kommunikasiya sahəsində 20 ildən artıq təcrübəyə malikdir və bu illər ərzində müxtəlif beynəlxalq və lokal brendlərlə yüzlərlə layihənin həyata keçirilməsinə rəhbərlik edib. Bloom Group lokal agentlik olaraq Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri bazarlarında da fəaliyyət göstərir.
Eyni zamanda, o, “Texnologiyalar sahəsində qadınlara dəstək” İctimai Birliyinin (Femmes Digitales) İdarə Heyətinin üzvüdür və uzun illərdir qadınların texnologiya və biznes sahəsində inkişafını dəstəkləyən təşəbbüslərdə fəal iştirak edir.
Deviz - “Güclü biznes ideyalarla başlayır, amma ortaq dəyərlərə inanan güclü komanda ilə böyüyür.”