ARDNF-də Azərbaycan Beynəlxalq Məktəbinin iqtisadiyyat təmayüllü tələbələri üçün infosessiya təşkil olunub.
Infosessiya zamanı ARDNF əməkdaşları tərəfindən tələbələrə Fondun missiyası, məqsədləri və əsas fəaliyyət istiqamətləri, maliyyələşdirdiyi ümummilli layihələr, investisiya strategiyası və aktivlərin idarə olunması, hasilatın pay bölgüsü sazişlərində və strateji layihələrdə Fondun rolu, neft gəlirlərinin idarə olunması, eləcə də ARDNF-nin ölkə iqtisadiyyatındakı mövqeyi barədə ətraflı məlumat təqdim olunub.
Tədbirin interaktiv hissəsində tələbələr üçün investisiya simulyasiyası təşkil olunub. Simulyasiya zamanı iştirakçılar investisiya qərarlarının qəbul edilməsi və risklərin qiymətləndirilməsi prosesini praktiki şəkildə təcrübədən keçirmək imkanı əldə ediblər.
Sessiyanın sonunda ARDNF-nin İnsan resursları departamentinin rəhbəri Nigar Braun tələbələrlə peşəkar inkişaf və karyera planlaşdırılması mövzusunda tövsiyələrini bölüşərək gənclərin peşəkar bacarıqlarının inkişafının əhəmiyyətini qeyd edib.