27 fevral tarixində Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ölkəmizə rəsmi səfəri çərçivəsində “ASAN xidmət” mərkəzini ziyarət edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Qonağa “ASAN xidmət” mərkəzlərinin fəaliyyətində tətbiq olunan müxtəlif texnoloji həllər ilə bağlı təqdimat edilib. Milli brendimiz olan ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalandığı diqqətə çatdırılıb.
Dövlət Agentliyi ilə həyata keçirilmiş əməkdaşlığın nəticəsi olaraq 2025-ci ilin iyun ayında Efiopiyanın Əddis-Əbəbə şəhərində ölkəmizin “ASAN xidmət” konsepsiyası əsasında ilk “MESOB” dövlət xidmətləri mərkəzi fəaliyyətə başlayıb.
Xatırladaq ki, 2024-cü ilin may ayında Dövlət Agentliyi ilə Efiopiyanın müvafiq qurumu arasında “ASAN xidmət” təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumunun icrası çərçivəsində Dövlət Agentliyi tərəfindən Efiopiyadan olan dövlət qulluqçuları üçün təlimlər keçirilib, xidmətlərin vahid standartı müəyyən edilib, habelə “ASAN xidmət” mərkəzlərində istifadə olunan texnoloji həllər əsasında tövsiyə sənədləri formalaşdırılıb.
Efiopiyanın Baş naziri ölkəsində "ASAN xidmət"in qurulması ilə bağlı Azərbaycan dövlətinə təşəkkür etdi.
Həmçinin vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və dörd qitədə təşviq edir.
Baş nazir Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olub. Vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayan Səyyar ASAN xidmət layihəsini qiymətləndirərək sözügedən təcrübənin də yaxın zamanda Efiopiyada tətbiq olunacağını qeyd edib.
Qonağa “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı” mərkəzi və "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar da ətraflı məlumat verilib.