Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) uzun illərdir bank sektorunda təlim, məsləhət və araşdırma xidmətləri göstərir, həm mövcud əməkdaşların bilik və bacarıqlarını artırır, həm də yeni ixtisaslı kadrların hazırlanmasına diqqət yetirir.
Məhz bu istiqamətdə həyata keçirilən fəaliyyətlərin davamı olaraq, ABFTC ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Ömürboyu Təhsil Mərkəzi arasında əməkdaşlıq çərçivəsində əldə olunmuş razılığa əsasən “Bankın kredit mütəxəssisi” istiqaməti üzrə Sertifikasiya Proqramının pilot mərhələsinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Bu çərçivədə 24 fevral 2026-cı il tarixində UNEC-də universitet tələbələri ilə görüş keçirilib. Görüş zamanı proqramın məqsədi, məzmunu və iştirak şərtləri barədə ətraflı məlumat verilib, tələbələrin sualları cavablandırılıb. Eyni zamanda bank sektorunda kadr hazırlığının gücləndirilməsi və ali təhsil müəssisələri ilə praktik əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Pilot layihə bank sektorunda karyera qurmaq istəyən UNEC IV kurs tələbələri və məzunları üçün nəzərdə tutulub. Proqram iştirakçıları kredit sistemi, kredit prosesinin təşkili, borcalanların maliyyə vəziyyətinin təhlili, risklərin qiymətləndirilməsi, kredit portfelinin idarə olunması və kredit məhsullarının satışı üzrə praktiki biliklər əldə edəcəklər.
Proqramın ilkin mərhələsi çərçivəsində seçiləcək ilk namizədlər üçün müraciət elanının yaxın günlərdə geniş ictimaiyyətə təqdim olunacağı bildirilib. Təlimlər 2 aylıq intensiv və tam ödənişsiz formada təşkil ediləcək, proqramı uğurla başa vuranların məlumatları banklara təqdim olunacaq və işə qəbul prosesində onlara dəstək göstəriləcək.
Görüşdə həmçinin tərəflər layihənin bank sektoru üçün ixtisaslı kadr ehtiyatının formalaşdırılmasına töhfə verəcəyini və proqramın gələcəkdə daha geniş əhatə dairəsinə malik olacağını qeyd ediblər.
Qeyd edək ki, ABFTC 2000-ci ildə Avropa Birliyinin təşəbbüsü ilə yaradılıb və Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. Mərkəz indiyədək 250-dən çox mövzu üzrə 2600-dən artıq təlim kursu təşkil edib və 38 mindən çox dinləyici iştirak edib.