Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə anım tədbiri keçirilib.
Faciənin canlı şahidlərinin, Xocalı sakinlərinin, 1-ci Qarabağ müharibəsi iştirakçılarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Xocalı soyqırımı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Xocalı soyqırımının Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri, yalnız xalqımıza deyil, bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu vurğulayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbədən sonra soyqırımı qurbanlarının qisasının alındığı, Xocalıda Azərbaycan bayrağının ucaldıldığı qeyd olunub.
Daha sonra çıxış edənlər həmin gecə dinc sakinlərə qarşı misli görünməmiş vəhşiliklər törədildiyini bildirib, soyqırımı zamanı şahidi olduqları hadisələrdən, əsirlikdə verilən dəhşətli işgəncələrdən danışıblar.
Tədbirdə Xocalı hadisələrindən bəhs edən videoçarx, Akademiyanın tələbələrinin ifasında ədəbi kompozisiya nümayiş olunub.