24 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Audiovizual Şurasının maliyyə dəstəyi ilə CBC TV telekanalı tərəfindən yeni çəkilmiş “Xocalı.Üç faciə, bir ağrı” sənədli filminin təqdimatında iştirak edib. Sənədli filmin təqdimatında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, Tibbi Xidmət İdarəsinin İlk Həmkarlar İttifaqı Komitəsinin sədri Şəhla Mirzəzadə, şöbə rəisləri və əməkdaşlar, eləcə də müxtəlif dövlət qurumlarının nümayəndələri, dövlət rəsmiləri, media nümayəndələri iştirak ediblər.
Tədbirin rəsmi açılış hissəsində iştirakçılar Xocalı soyqırımı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad ediblər.
“Xocalı. Üç faciə – bir ağrı” adlı ekran əsəri XX əsrin ən ağrılı üç faciəsinə – 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş soyqırımına, 10 iyun 1942-ci ildə Çexiyanın Liditse kəndinin məhv edilməsinə və 1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində törədilmiş qətliama həsr olunub.Hər üç faciənin acı və faciəli tarixləri, onların nəticələri və insanlığa vurduğu zərərlər sənədli materiallarla geniş işıqlandırılıb.
Filmin müəllifi bu üç faciə arasında paralellər aparır, İkinci Dünya müharibəsi dövrünün faşizmi ilə müasir dövrün faşizmi arasındakı oxşarlıqlara diqqət çəkir.
İştirakçılara 1992-ci ilin fevralında baş vermiş Xocalı soyqırımının təfərrüatları, günahsız dinc əhaliyə qarşı törədilmiş vəhşiliklər və faciənin beynəlxalq əhəmiyyəti barədə təqdimat edilib.
Qeyd edək ki, filmin ideya müəllifi və ssenari müəllifi Gülsar Mustafayeva, quruluşçu rejissoru Mezair Haşımov, operatorları Vüsal Ələkbərov və Samir Nuralıyev, prodüseri Qiyas Abasov, layihə rəhbəri isə Vüqar Xəlilovdur.
Sənədli filmin çəkilişinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyi, Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı Səfirliyi, Çex Respublikasının Azərbaycan Respublikasındakı Konsulluğu, Liditse Memorialının rəhbərliyi, Praqa Hərbi Tarix İnstitutu, Praqadakı Azərbaycan Mədəniyyət Evinin rəhbərliyi, M.F.Axundov adına Milli Kitabxana, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, eləcə də Azərbaycan Respublikasının Audiovizual Şurası dəstək göstəriblər.
Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.