Azərbaycan Səhm Bazarı 2030-a Hazırlaşır – 10%-lik Plan Nə Deməkdir?
17.02.2026
Ötən həftə Bakı Fond Birjası İdarə Heyətinin Sədri Ruslan Xəlilov Reuters-ə verdiyi müsahibədə Azərbaycanda 2030-cu ilə qədər səhm bazar kapitalizasiyasının Ümumi Daxili Məhsulda payının 10%-ə qədər çatacağı proqnozunu verdi. Bu göstərici beynəlxalq praktikada “Buffett indicator” kimi tanınır və fond bazarının iqtisadiyyatdakı rolunu ölçən əsas indikatorlardan biridir.
Baffet göstəricisi = Bazar Kapitallaşması / Ümumi Daxili Məhsul
Bu yanaşma, əslində, məşhur amerikalı investor Uorren Baffetin qeyd etdiyi kimi, “istənilən an bazar qiymətləndirmələrinin hansı səviyyədə olduğunu ölçmək üçün yəqin ki, ən yaxşı vahid göstəricidir” (“The Buffett indicator is probably the best single measure of where valuations stand at any given moment.” — Warren Buffett). İnvestorun adını daşıyan bu göstərici bəs Azərbaycan iqtisadiyyatı və maliyyə bazarı haqqında nə deyir?
2020–2025-ci illər ərzində Azərbaycan iqtisadiyyatının inkişaf dinamikasına nəzər salsaq, görərik ki, 2020-ci ildən etibarən ölkənin Ümumi Daxili Məhsulu 72,6 mlrd AZN-dən 129,1 mlrd AZN-ə yüksələrək ümumilikdə 78% artım nümayiş etdirmişdir. Qeyri-neft sektoru üzrə ÜDM isə 45,3 mlrd AZN-dən 81% artaraq 81,8 mlrd AZN-ə çatmışdır.
Son illərin əsas tendensiyası ondan ibarətdir ki, qeyri-neft sektoru sürətlə böyüdüyü halda, neft sektorunda azalma müşahidə olunur. Eyni zamanda, qeyri-neft sektorunun ÜDM-də payının 60%-dən yuxarı səviyyədə formalaşması iqtisadiyyatın daha çox şaxələnmiş və qeyri-neft əsaslı modelə doğru irəlilədiyini göstərir. Bu isə kapital bazarları üçün fundamental əhəmiyyət daşıyır.
Belə ki, qeyri-neft sektorunda bank, sənaye, xidmət, fintech, elektron ticarət, telekommunikasiya və istehsal şirkətlərinin sayının artması, listinq potensialının genişlənməsi və özəl sektorun alternativ maliyyələşmə mənbələrinə ehtiyacının yüksəlməsi birbaşa olaraq səhm və korporativ istiqraz bazarının inkişafı üçün zəmin yaradır.
Baffet göstəricisinin hazırkı ~2% səviyyəsi göstərir ki, real iqtisadiyyatın həcmi artsa da, səhm bazarı hələ aşağı penetrasiya dərəcəsinə malikdir və kapital bazarının iqtisadiyyata inteqrasiyası məhdud səviyyədə qalır. İnkişaf etmiş bazarlarda bu göstərici adətən daha yüksək olur. İnkişaf mərhələsində olan bazarlarda isə aşağı səviyyə əslində artım potensialını əks etdirir.
Məhz bu kontekstdə qeyri-neft sektorunun genişlənməsi ilə Baffet göstəricisi arasında birbaşa əlaqə yaranır: iqtisadiyyat şaxələndikcə listinq potensialı artır, bazar kapitallaşması yüksəlir və kapital bazarının iqtisadiyyatda dərinliyi genişlənir.
Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov müsahibəsində həm də bildirib ki, bu göstəricinin 2027-ci ilin ortalarınadək 5%-ə, 2030-cu ilə qədər isə 10%-ə çatdırılması hədəflənir. Müsahibəyə əsasən, Birja repo-dominant modeldən uzaqlaşaraq səhm və korporativ istiqraz bazarını prioritetləşdirir, böyük IPO-ları (ilkin kütləvi təklifləri) bazarın əsas drayveri kimi qiymətləndirir.
10%-lik Baffet göstəricisinə nail olmaq, əsasən, böyük sistem əhəmiyyətli IPO-ların həyata keçirilməsi, dövlət şirkətlərinin mərhələli özəlləşdirilməsi, korporativ istiqraz bazarının genişlənməsi, xarici investor axınının artması, rəqəmsal infrastrukturun gücləndirilməsi, likvidliyin dərinləşdirilməsi və korporativ idarəetmə ilə şəffaflıq standartlarının yüksəldilməsi hesabına mümkündür.
Bu isə öz növbəsində şirkətlər üçün alternativ maliyyələşmə mənbələrinin formalaşmasına, bank kreditindən asılılığın azalmasına, uzunmüddətli özkapitalın təşəkkülünə, institusional investor bazasının genişlənməsinə və qeyri-neft sektorunun kapital bazarı vasitəsilə daha dayanıqlı böyüməsinə şərait yaradacaq.