12 fevral 2026-cı il tarixində Bakı Fond Birjası Yelo Bank-da baş tutan "Yelo İnvestisiya Paneli" ndə iştirak edib. Tədbirin əsas məqsədi Yelo Bank əməkdaşlarının kapital bazarları ilə bağlı biliklərini artırmaq və onları yeni maliyyə alətləri tanış etmək olub.
Tədbirdə Bakı Fond Birjasının Listinq bölməsinin rəhbəri Fərhad Mansurov və Ticarət və Dəstək üzrə inzibatçı Nigar Ağahüseynova ölkədə mövcud olan investisiya mühiti, yerli kapital bazarlarında ticarət və s. haqqında ətraflı məlumat veriblər. İnvestisiya alətlərinin çeşidləri və gəlir gətirən imkanlar barədə isə "Unicapital"ın direktoru Tofiq Həsənov çıxış edərək, iştirakçılara hansı vasitələrlə qazanc əldə etməyin yollarını izah edib.
Nəzəriyyəni real təcrübə ilə birləşdirən "SOCAR Capital"ın Baş investisiya direktoru Tolqa Kotan, illərin praktiki addımlarına əsaslanan çıxışı ilə investisiya yolunda qarşıya çıxan çağırışlardan və uğurlu strategiyalardan bəhs edib.
Təqdimatlardan sonra tədbir panel müzakirəsi ilə davam edib. Spikerlər Fərhad Mansurov (Bakı Fond Birjası), Tolga Kotan (SOCAR Capital) və Tofiq Həsənov (Unicapital) bir araya gələrək öz təcrübələrindən danışıb, sonda isə investisiyaya başlamaq istəyənlərin aktual suallarını canlı şəkildə cavablandırıblar.
Bakı Fond Birjası kapital bazarları ilə bağlı maliyyə savadlılığını artırmaq üçün bu növ maarifləndirici tədbirləri davam etdirəcək.