Bakı Fond Birjasında ticarət olunan ABB səhmləri son illərdə maliyyə göstəricilərində müşahidə edilən müsbət dinamika və davamlı dividend siyasəti ilə həm gəlir (income), həm də dəyər (value) investorları üçün maraqlı alət kimi mövqeyini gücləndirir.
2022–2024 dövründə səhm üzrə xalis mənfəət (EPS) 0,06–0,08 AZN intervalında formalaşmış, dividend gəlirliliyi isə təxminən 15–16% səviyyəsinə yüksəlmişdir. Eyni zamanda P/E nisbətinin aşağı olması səhm qiymətləndirilməsinin nisbətən cəlbedici qaldığını göstərir.
Bankın İdarə Heyəti tərəfindən verilən son açıqlamalar da dividend gözləntilərinin yüksək qalacağını göstərir. ABB-nin Baş maliyyə inzibatçısı Nəbi Əliyev bildirib ki, bank 2025-ci ilin ilk 9 ayını 261 milyon AZN xalis mənfəətlə başa vurub və mənfəətdə illik müqayisədə təxminən 12%-lik artım qeydə alınıb. Mövcud maliyyə nəticələrinin cari ilin mənfəəti hesabına səhmdarlar üçün 16%-ə yaxın dividend ödənişinə imkan yarada biləcəyi qeyd olunub.
Qeyd edək ki, ABB son illər Bakı Fond Birjasında ardıcıl dividend ödəyən emitentlərdən biridir və 2024-cü ilin nəticələri üzrə səhmdarlara 200 milyon AZN dividend ödənilmişdir. 2026-cı ilin fevral ayında ABB səhminin qiymətinin 0,31 AZN-ə yüksəlməsi ilə investorlar 30%-ə yaxın ümumi gəlir qazanmışdır. Maliyyə göstəricilərindəki müsbət tendensiya və yüksək dividend gözləntiləri ABB səhmlərinə bazar iştirakçılarının marağını dəstəkləyən amillər kimi qiymətləndirilə bilər.
Bu material məlumat xarakteri daşıyır və investisiya tövsiyəsi hesab edilmir.
www.bfb.az