“Kürsəngi” və “Qarabağlı” neft yataqlarını əhatə edən Reabilitasiya, Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü (RKİHPB)” üzrə Saziş əsasında rəhbər komitənin növbəti iclası keçirilib.
“Salyan Oil Limited” şirkətinin saziş ərazisində keçirilən iclasda SOCAR-ın vitse-prezidenti Babək Hüseynov, “GL Investment” MMC-nin baş icraçı direktoru Asif Zeynalov və “SOCAR Upstream Management İnternational”ın rəhbər heyəti iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
İclasda 2025-ci il üzrə illik Fəaliyyət Proqramına və büdcənin icra hesabatına dair təqdimatlar dinlənilib, həmçinin 2026-cı il üçün təklif olunan Fəaliyyət Proqramı və büdcə sənədi müzakirə olunub.
Tədbir iştirakçıları, həmçinin “Salyan Oil Limited” Əməliyyat Şirkətinin “Qarabağlı” yatağında yerləşən 6-cı sahəyə, “Kürsəngi” yatağında yeni istismara verilmiş 810 saylı quyuya və qazması davam etdirilən 811 saylı quyuya baxış keçiriblər.
Səfər zamanı istehsalat prosesləri yerində qiymətləndirilib və mövcud fəaliyyətlə bağlı müzakirələr aparılıb.