5 fevral 2026-cı il tarixində Bakı Fond Birjası (BFB) və İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (SER) birgə əməkdaşlığı çərçivəsində “Şirkətlər üçün səhm bazarından İslam investisiyalarının cəlbi imkanları” mövzusunda tədbir təşkil olunub.
Tədbirin açılış nitqləri Bakı Fond Birjasının Ticarət və Dəstək şöbəsinin rəhbəri Fərid Abbaszadə və İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin icraçı direktoru Qafqaz Qəhrəmanlı tərəfindən səsləndirilib. Çıxışlarda kapital bazarlarının inkişafında alternativ investisiya alətlərinin rolu və bu sahədə institusional əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Tədbir çərçivəsində Bakı Fond Birjasının Listinq bölməsinin rəhbəri Fərhad Mansurov “Səhm bazarının şirkətlər üçün yaratdığı imkanlar” mövzusunda təqdimatla çıxış edərək Azərbaycan kapital bazarlarına ümumi baxış, səhm bazarına çıxış mexanizmləri, IPO prosesi və səhm bazarının şirkətlər üçün yaratdığı üstünlüklər barədə ətraflı məlumat verib.
Daha sonra iqtisad üzrə fəlsəfə doktoru, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin idarə heyətinin sədri Ruslan Atakişiyev “İslam səhmlərinin xarakterik xüsusiyyətləri” mövzusunda təqdimat edib. Təqdimat zamanı səhm alışının İslam prinsiplərinə uyğunluğu, halal listinq tələbləri, eləcə də beynəlxalq təcrübədə İslam (halal) səhm bazarlarının fəaliyyəti haqqında geniş izahlar verilib.
Tədbirin əsas məqsədi Azərbaycan şirkətləri üçün səhm bazarının yaratdığı imkanları və IPO mexanizmlərini təqdim etmək, eyni zamanda İslam prinsiplərinə uyğun investisiya alətləri barədə məlumatlılığı artırmaq olub.
Bakı Fond Birjası kapital bazarlarının imkanları barədə maarifləndirmə və maliyyə savadlılığının artırılmasına yönəlmiş təşəbbüslərini davam etdirir.