03 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) nümayəndələri və Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzvləri arasında onlayn görüş keçirilib. Görüş bank sektoru tərəfindən dayanıqlı və “yaşıl” layihələrin maliyyələşdirilməsinə dair təqdim olunmuş ilk hesabatın müzakirəsinə həsr olunub.
Xatırladaq ki, COP29 çərçivəsində bank sektoru 2030-cu ilədək Azərbaycanın dayanıqlı və aşağı karbonlu iqtisadiyyata keçidinə dəstək məqsədilə “yaşıl” və dayanıqlı layihələrin maliyyələşdirilməsinə 2 milyard manat vəsait ayıracağını bəyan edib. Bu öhdəliyin icrasının monitorinqi məqsədilə hazırlanmış ilk hesabat ABA-nın rəsmi internet səhifəsində dərc olunub.
Görüş zamanı dayanıqlı maliyyələşməyə dair məlumatların toplanılması və monitorinq mexanizmləri, eləcə də növbəti hesabatlarda banklar üzrə ayrı-ayrılıqda göstəricilərin açıqlanmasının əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, hesabatlılıq prosesi ildə iki dəfə aparılacaq və maliyyələşmələr yalnız ölkədaxili, özəl sektora yönəlmiş, “Yaşıl taksonomiya”nın tələblərinə uyğun layihələri əhatə edəcək.
Müzakirələr çərçivəsində bank sektorunun iqlim risklərinin idarə olunması, məsuliyyətli investisiyaların genişləndirilməsi və ölkənin “yaşıl” iqtisadiyyata keçidinə töhfəsinin artırılması istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib.