Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsində müxtəlif profilli xəstələrə 24/7 rejimində reanimasiya tədbirləri kompleksi və intensiv terapiya xidmətləri göstərilir. Şöbənin tibb heyəti zəngin təcrübəyə malik, ağır xəstələrə qayğı göstərmək üçün reanimasiya və intensiv terapiya sahəsində ixtisaslaşmış yüksəkixtisaslı mütəxəssislərdən ibarətdir.
Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin rəisi, anestezioloq-reanimatoloq Tural Sadıqov və şöbənin anestezioloq-reanimatoloqları Xəyal Məmmədov, Mehdi Əliyev, Rəşad Nəsirli, Şahin Mazanov, Sevda Quliyeva, Könül Həsənova və Günel Cəfərova hər bir pasiyentə diqqət və şəfqətlə yanaşaraq, 24/7 rejimində qayğı göstərir, intubasiya, süni tənəffüs, hemodinamik monitorizasiya, kompleks reanimasiya tədbirlərini, eləcə də cərrahi əməliyyat sonrası baxımdan tutmuş, ağır infeksiyalar, şok, poliorqan çatışmazlığı və digər həyati riskli vəziyyətlərdə xəstələrin sağlamlığını qorumaq və bərpasını sürətləndirmək üçün fəaliyyət göstərirlər.
Şöbə müasir və texnoloji avadanlıqlarla təchiz olunub, bu da dünyada qəbul olunmuş standartlar və anestezioloji protokollar əsasında istənilən növ anesteziyanın həyata keçirilməsinə, habelə xəstənin çəkisinə, döş qəfəsi quruluşuna, ağciyərlərinin funksional vəziyyətinə uyğun tənəffüs parametrlərini seçmək mümkündür. Bu da öz növbəsində xəstənin tam komfortunu və qısa bir müddət ərzində reabilitasiyasını təmin edir.
Şöbədə mürəkkəb cərrahi əməliyyatlardan sonra reanimasiya tədbirlərinə ehtiyacı olan xəstələrin vəziyyətinin fasiləsiz monitorinqi həyata keçirilir. Müasir oksigen funksiyası monitorları vasitəsilə arterial təzyiqin invaziv və qeyri-invaziv ölçülməsi, nəbz, mərkəzi venoz təzyiq, qaz mübadiləsi, bədən temperaturu, orqan fəaliyyətləri və qan oksigenlə zənginliyi kimi həyati vacib funksiyalar daim nəzarət altında saxlanılır. Cərrahi əməliyyatlardan sonra reanimasiya tədbirlərinə ehtiyacı olan xəstələrə nəzarət və müalicə tətbiq edilir.
Hospitalımızın ən böyük üstünlüyü isə odur ki, hər bir xəstə ağırlıq dərəcəsindən asılı olmayaraq - 24/7 rejimində tam təhlükəsiz və yüksək peşəkarlıqla reanimasiya şöbəsinə qəbul edilərək, sağlamlığı üçün etibarlı və şəfqətli tibbi xidmət alır.
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilarə Zamanova