Bakı Baş Gömrük İdarəsində “Gömrük hüquqpozmalarının profilaktikası və gömrük orqanları tərəfindən istifadəyə verilən alətlər” mövzusunda xarici ticarət iştirakçıları ilə görüş keçirilib.
Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov və Dövlət Gömrük Komitəsinin Gömrük Siyasəti Baş İdarəsinin rəis müavini Rövşən Namazovun iştirakı ilə keçirilən görüşdə gömrük orqanları tərəfindən son illər istifadəyə verilən alətlər, tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verilib.
Görüşdə “Gömrük orqanları tərəfindən istifadəyə verilən alətlər”, “Gömrük hüquqpozmalarında xarici ticarət iştirakçılarının məsuliyyəti və hüquqpozmaların törədilməsinin qarşısının alınması”, “Bəzi malların XİFMN kodlarının dəqiqləşdirilməsi”, “Keyfiyyətə nəzarət üzrə icra edilən layihələr” və “Xarici ticarət iştirakçıları və inzibati icraat” mövzularında təqdimatlar nümayiş etdirilib.
Tədbirdə biznes subyektləri tərəfindən müvəqqəti idxal xüsusi gömrük prosedurunun uzadılma müddətinə, malların təsnifatına, gömrük bəyannaməsində edilən düzəlişlərə dair, eyni zamanda malların rəsmiləşdirilməsi və Mərkəzi Gömrük Ekspertizası İdarəsinə edilən müraciətlər zamanı qarşıya çıxan məsələlərlə bağlı müzakirələr aparılıb, sahibkarların sualları ətraflı cavablandırılıb.