Dekabrın 2-də Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.
Müzakirələrdə deputatlar büdcə layihəsinin parlamentin komitə və plenar iclaslarında geniş müzakirələrinin hökumətlə parlament arasında səmərəli əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndiriblər, 2026-cı ilin dövlət büdcəsi layihəsinin ölkəmizin yeni inkişaf mərhələsinə uyğun olduğunu vurğulayıblar.
Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev müzakirələr zamanı millət vəkilləri tərəfindən qaldırılan məsələlərə münasibət bildirib.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.
2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703,6 milyon manat məbləğində proqnozlaşdırılır. Dövlət büdcəsinin kəsiri isə 3 milyard 94,6 milyon manat proqnozlaşdırılır ki, bu ÜDM-in cəmi 2,3 faizi həcmindədir.
Növbəti il üçün icmal büdcənin gəlirləri 1 milyard 18,8 milyon manat artaraq 44 milyard 969,4 milyon manat, xərcləri isə 1 milyard 209,9 milyon manat artaraq 48 milyard 839,3 milyon manat, kəsiri isə 3 milyard 870 milyon manat məbləğində müəyyən olunub.