19–20 noyabr 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi və “Mastercard” beynəlxalq ödəniş sisteminin qlobal tərəfdaşlığı ilə ənənəvi “ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI BANKÇILIQ” IX BEYNƏLXALQ BANKÇILIQ FORUMU başa çatmışdır.
İki gün davam edən Forumda bütün maraqlı tərəflər bir araya gələrək yeni fikirlər və təcrübələrlə bölüşmüş, məhsullarını təqdim etmiş və maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminin inkişafı kimi mövzular ətrafında müzakirələr aparmışdır. Forum özünü bu istiqamətdə mükəmməl bir platforma kimi təsdiqləmişdir.
Açılış panelində Azərbaycan Respublikasının Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Alpaslan Çakar, Polşa Banklar Assosiasiyasının İcraçı vitse-prezidenti Włodzimierz Kiciński, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxış edərək regional bankçılıqda transformasiya prosesləri, innovasiya və dayanıqlılıq istiqamətində görülən işlərlə bağlı fikirlərini bölüşdülər.
Panel çərçivəsində həmçinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (IDDA) sədri Fərid Osmanov və Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bankçılıq sektorunda rəqəmsal həllərin rolu, ekosistemin genişlənməsi və tənzimləyici yanaşmaların təkmilləşdirilməsi barədə çıxış ediblər. Panel “Mastercard”ı təmsil edən Kutay Akın çıxışı ilə davam etmiş, o, qlobal ödəniş tendensiyalarının regional bankçılığa təsirlərini və yeni imkanları vurğulamışdır.
Forum ümumilikdə doqquz paneldən ibarət olub və bank sektorunun müxtəlif istiqamətlərini əhatə edən geniş müzakirələr təşkil edib. Tədbirin panel mövzuları bunlardır: “Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq”, “Bankçılığın Gələcəyini Formalaşdıran Yeni Trendlər”, “Rəqəmsal Üfüqlər: Innovasiyalar Vasitəsilə Bankçılığın Yenidən Təsəvvürü”, “Açıq Bankçılıqdan Açıq Maliyyəyə: Əlaqəli Məlumat Ekosisteminin Qurulması”, “Anında, İnklüziv və Ağıllı: Gündəlik Ödənişlərin Yenidən Qurulması”, “Ağıllı Bankçılıq: Süni İntellekt, Məlumatlar və Avtomatlaşdırmanın Növbəti Dalğası”, “Ənənəvi Bankçılıqdan Rəqəmsal Bankçılığa – Analitika ilə Gücləndirilmiş Keçid”, “Kiber Təhlükəsizlik və Dələduzluğun Qarşısının Alınması – Rəqəmsal Maliyyənin Qorunması” və “Müasir Dövrdə Kapital Bazarı və İnvestisiya Əməliyyatları”.
IBF 2025 aidiyyatlı dövlət qurumları, kommersiya bankları, fintexlər, assosiasiyalar, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutları, həmçinin Türkiyə, Amerika Birləşmiş Ştatları, Avropa Birliyi, Müstəqil Dövlətlər Birliyi, Yaxın Şərq və digər ölkələrindən 300-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələrinin iştirak edirlər.
Ümumilikdə tədbirə iki gün ərzində 300-ə yaxın şirkət, 1200-ə yaxın yerli və xarici iştirakçı qatılmışdır.
Qeyd edək ki, bu Forum Bakıda hər il təşkil edilən iki beynəlxalq tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiridir. Digər tədbir isə illik əsasda keçirilən “Fintex Sammit”dir.