Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı 30 oktyabr – 1 noyabr tarixlərində Baku Expo Mərkəzində keçirilən 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi “Medinex 2025”-də öz stendi ilə təmsil olunur. 31 oktyabr 2025-ci il tarixində Ukraynanın səhiyyə naziri Viktor Lyaşko “Medinex” sərgisində Mərkəzi Gömrük Hospitalının stendini ziyarət edib.
Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova Ukraynanın səhiyyə naziri Viktor Lyaşko ilə görüşərək Mərkəzi Gömrük Hospitalının fəaliyyəti, müasir avadanlıqlarla təchiz olunmuş şöbələri, göstərilən tibbi xidmətlər və Azərbaycanın səhiyyəsində böyük nailiyyət kimi qiymətləndirilən meyit donordan qaraciyər və böyrək transplantasiyası əməliyyatları barədə ətraflı məlumat verib.
Görüş zamanı səhiyyə sahəsində innovativ yanaşmalar, təcrübə mübadiləsi və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Ukraynanın səhiyyə naziri Mərkəzi Gömrük Hospitalının peşəkar fəaliyyəti, müasir infrastrukturu və yüksək səviyyəli tibbi xidmətlərinin nümunəvi olduğunu qeyd edib, bu sahədə əldə olunan nailiyyətləri yüksək qiymətləndirib.