Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq olunmuş “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı strategiyası” çərçivəsində müəyyən edilmiş əsas hədəflər sırasında kapital bazarı alət çeşidinin genişləndirilməsi və beynəlxalq təcrübəyə uyğun tənzimləyici çərçivələrin formalaşdırılması xüsusi yer alır.
Mərkəzi Bankda sekyuritizasiya (aktivlərin qiymətli kağızlara çevrilməsi), ekoloji, sosial və idarəetmə sahəsinə yönəlmiş investisiya aləti olan yaşıl istiqrazlar və sukuk - İslam qiymətli kağızları mövzularına həsr edilmiş sessiya təşkil olunub.
Tədbirdə investisiya şirkətləri və digər bazar iştirakçılarının nümayəndələri iştirak edib.
Tədbir çərçivəsində yeni alətlərlə bağlı beynəlxalq təcrübə, onların işləmə prinsipi və tətbiq mexanizmləri, eləcə də Mərkəzi Bankın tənzimləyici yanaşmaları üzrə təqdimatlar keçirilib. İnteraktiv formatda keçən sessiyada iştirakçılarla səmərəli müzakirələr aparılıb.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən keçirilən bu kimi təşəbbüslər bazar iştirakçılarının peşəkar biliklərinin artırılmasına və maarifləndirmə təşəbbüslərinin davamlılığının təmin olunmasına xidmət edir.