23-24 oktyabr tarixlərində Özbəkistan Respublikası İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsinin Gömrük İnstitutunda “Gömrük tədqiqatları-2025: rəqəmsallaşma və süni intellektin tətbiqi fonunda gömrük orqanlarının perspektivliyi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Konfransdan öncə Akademiyanın nümayəndə heyəti Daşkənd şəhərinin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev Meydanını ziyarət edib və Ümummilli Lider Heydər Əliyevin barelyefi önünə çiçəklər qoyublar.
Həmçinin Özbəkistan Gömrük İnstitutunun rəhbərliyi ilə birgə Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də ziyarət olunub.
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) həmtəşkilatçısı olduğu konfransda bir sıra dövlətlərin gömrük orqanlarının və beynəlxalq qurumların nümayəndələri təmsil olunublar.
DGKA-nın rəisi Qulu Novruzov konfransin açılış mərasimində çıxış edərək iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın gələcəkdə də inkişaf etdiriləcəyini bildirib və əməkdaşlığın bariz nümunəsi olan bu konfransın işinə uğurlar arzulayıb. DGKA-nın kafedra müdiri Elvin Əlirzayev isə plenar iclasda “Gömrük siyasəti və nəqliyyat: Azərbaycan nümunəsi” mövzusunda çıxış edib.
Sonda, iştirakçılara və təqdimatçılara sertifikatlar təqdim olunub.
Xatırladaq ki, səfər çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyası ilə Özbəkistan Gömrük İnstitutu arasında 2026-2030-cu illər üzrə Fəaliyyət Planı təsdiqlənib. Plan onlayn və əyani mühazirələrin, birgə tədqiqatların, ortaq elmi tədbirlərin həyata keçirilməsini ehtiva edir.