Xaçmaz Gömrük İdarəsinin “Samur”, “Yalama” və “Xanoba” dövlət sərhədindən buraxılış məntəqələrinin əməkdaşlarına “Gömrük nəzarəti üsulları və vasitələri tətbiq olunmaqla gömrük baxışının və yoxlamasının həyata keçirilməsi qaydaları” mövzusunda təlim keçirilib.
Dövlət Gömrük Komitəsinin Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi Orxan Nuriyev və həmin Baş İdarənin əməkdaşlarının iştirakı ilə keçirilən təlimdə yoxlama tapşırıqlarının, yoxlama prosesinin və yoxlama nəticələrinin yeni istifadəyə verilmiş elektron idarəetmə sistemi üzərindən rəsmiləşdirilməsi mexanizmləri izah olunub, həmçinin mümkün yoxlama ssenariləri, metodlar və riskə əsaslanan yanaşmalar üzrə praktik nümunələr təqdim edilib.
Təlim çərçivəsində adıçəkilən dövlət sərhədindən buraxılış məntəqələrində əməkdaşlarla birgə nəqliyyat vasitələrinin sərhəd qeydiyyatı prosesi, idxal və ixrac gömrük nəzarəti xətləri üzrə baxış prosedurları və yük terminallarında aparılan yoxlama işləri yaxından izlənilib, əməkdaşların sualları cavablandırılıb.