Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova “Ağciyərlərin xroniki obstruktiv xəstəliyi” barədə ətraflı məlumat verib. Bu xəstəlik tənəffüs yollarının daralması ilə xarakterizə olunur və əsasən xroniki bir prosesdir.
Ağciyərlərin xroniki obstruktiv xəstəliyinin əsas səbəbi uzunmüddətli siqaret çəkmədir. Bununla yanaşı, peşə mühitində toz, kimyəvi qazlar və tüstülərə məruz qalma, eləcə də genetik meyillik də xəstəliyin inkişafında mühüm rol oynayır. Uşaqlıq dövründə keçmiş tənəffüs yolu infeksiyaları və ekoloji amillər də risk faktorları sırasındadır.
Xəstəliyin ilkin mərhələlərində simptomlar zəif olur və pasiyentlər çox vaxt bu əlamətləri adi yorğunluq və ya yaşla əlaqələndirirlər. Lakin zamanla nəfəs darlığı, xroniki öskürək, bəlğəm ifrazı və fiziki fəaliyyət zamanı tez yorulma kimi əlamətlər güclənir. Xəstəlik irəlilədikcə nəfəs alma getdikcə çətinləşir, bu da pasiyentin həyat keyfiyyətini ciddi şəkildə aşağı salır.
Ağciyərlərin xroniki abstruktiv xəstəliyinin diaqnozu üçün ən əsas müayinə spirometriyadır. Bu test ağciyərlərin hava keçirmə qabiliyyətini ölçür və xəstəliyin mərhələsini müəyyən etməyə kömək edir. Müalicə əsasən simptomların azaldılmasına və xəstəliyin irəliləməsinin qarşısının alınmasına yönəlir. Ən vacib addım siqaretdən imtinadır. Bundan əlavə, inhalyatorlar, bronx genişləndirici və iltihabəleyhinə preparatlar, bəzən isə oksigen terapiyası tətbiq olunur.
Bu xəstəliyin qarşısını almaq üçün tütün məmulatlarından uzaq durmaq, sağlam həyat tərzi və vaxtaşırı tibbi müayinələr çox önəmlidir.
Qeyd edək ki, ağciyərlərin xroniki obstruktiv xəstəliyi tam sağalmaya bilsə də, erkən diaqnoz və düzgün müalicə ilə xəstənin həyat keyfiyyətini qorumaq və xəstəliyin ağırlaşmasının qarşısını almaq mümkündür. https://youtu.be/JiNYbcIziS4