Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) ölkədə innovativ maliyyə texnologiyalarının tətbiqinin genişləndirilməsi və rəqəmsal bankçılıq ekosisteminin formalaşdırılması istiqamətində təşəbbüslərini davam etdirir. Bu təşəbbüslər çərçivəsində oktyabr ayının 15-də AMB-nin təşkilatçılığı ilə "Xüsusi tənzimləmə rejimi - nəticələr və yeni imkanlar" mövzusunda tədbir keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən AMB-nin Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi "2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində xüsusi tənzimləmə rejiminin tətbiqinin ekosistemin dərinləşdirilməsinə verdiyi töhfəni vurğulayıb. O, həmçinin AMB tərəfindən rəqəmsal maliyyə həllərinin inkişafına və innovasiyaların geniş miqyasda təşviqinə zəmin yaradacaq prioritet təşəbbüsləri diqqətə çatdırıb.
Daha sonra AMB-nin Xüsusi tənzimləmə rejiminin təşkili şöbəsini rəisi Sahib Həsənov xüsusi tənzimləmə rejiminin tətbiqi üzrə əldə edilmiş nəticələr və xüsusi tənzimləmə rejiminin inkişafı haqqında danışıb. Beynəlxalq Maliyyə Korporasiyasının eksperti Pavel Şust tərəfindən bu sahə üzrə beynəlxalq təcrübələr və yeniliklərə dair mühüm məlumatlar təqdim olunub.
Tədbirdə həmçinin xüsusi tənzimləmə rejiminin iştirakçıları sınaq dövrü və mərhələləri üzrə təcrübələrini iştirakçılarla bölüşüb.
Təqdimatın sonunda iştirakçılar arasında praktik məşğələlər keçirilib. İştirakçılar komandalar şəklində xüsusi tənzimləmə rejiminə müraciət üçün innovativ məhsulların hazırlanmasına dair tapşırıqları yerinə yetiriblər. Komandalara ekspert dəstəyi göstərilib və onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, AMB-nin təşəbbüsü ilə yaradılan xüsusi tənzimləmə rejimi ölkəmizin maliyyə bazarlarında innovativ xidmət və məhsulların tətbiqinə geniş imkan yaradır, bununla da maliyyə inklüzivliyinin artırılmasına, eləcə də maliyyə xidmətlərinin təhlükəsizliyinin və əlçatanlığının yüksəldilməsinə xidmət edir.