Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 7-8 oktyabr 2025-ci il tarixində “satınalma” mövzusunda bankların bu istiqamətdəki rəhbər şəxsləri üçün təşkil edilən İstanbula səfəri baş tutmuşdur.
Səfər çərçivəsində iştirakçılar Türkiyənin aparıcı banklarının satınalmanın rəqəmsallaşdırılması üsulları, ESG kimi müasir tendensiyaların tətbiqi, beynəlxalq nəzəriyyələrin praktikada tətbiqi, dələduzluq hallarının aşkarlanması və risklərin idarə olunması mexanizmləri, KPI göstəricilərinin ölçülməsi və heyətin inkişafı, hesabat formatları, vendor seçimi strategiyaları, kategoriya və müqavilə idarəçiliyi, tək mənbədən istifadə və endirimlərin müzakirəsi, tikinti və təmir işlərində BIM, dron və süni intellekt alətlərindən istifadə, satınalmalarda AI tətbiqləri və təchizatçılarla kommunikasiya, eləcə də geosiyasi və iqtisadi risklər fonunda alternativ bazarlarla bağlı strateji yanaşmalar üzrə mövzularda dinləmələr və müzakirələr aparılmış, mütəxəssislərimizi maraqlandıran suallara cavab verilmişdir.
Səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlər təşkil edilmişdir:
Ziraat Katılım Bankası;
Kuveyt Türk Katılım Bankası;
Akbank.
Qeyd edək ki, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 38 mindən çox dinləyiciyə 2600-ə yaxın təlim kursu təşkil edilmişdir.