Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsinin rəisi, fizioterapevt Səidə Kərimova “Həkim Məsləhəti” rubrikasında “Uşaqlarda bel və boyun ağrılarının artmasının əsas səbəbləri” mövzusunda ətraflı məlumat verib.
Son zamanlar azyaşlı uşaqlarda bel və boyun ağrılarından şikayətlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Bir neçə illər öncə bu cür hallara çox nadir rast gəlinirdi. Uşaqlarda onurğa əyrilikləri ilə bağlı vəziyyət son illər daha da ciddiləşib.
Uşaqlarda bu cür problemlərin yaranmasının əsas səbəblərindən biri ağır və narahat məktəb çantalarıdır. İnkişaf mərhələsində olan onurğa bu yükü daşımaqda çətinlik çəkir və nəticədə müxtəlif struktur pozuntuları meydana gəlir. Əgər çantanın çəkisi normadan artıqdırsa, skolioz, kifoz kimi onurğa əyriliklərinin yaranmasına səbəb ola bilər. Təəssüf ki, məktəblilərin çoxu bu problemi yaşayır. Məktəb çantasının çəkisi uşağın ümumi çəkisinin 10%-ni keçməməlidir.
Məsələn, 30 kiloqram çəkidə olan bir uşağın çantası maksimum 3 kiloqram olmalıdır. Amma reallıqda bu çantalar çox zaman 6-7 kiloqrama, bəzən isə daha artıq çəkiyə çatır. Bu isə bel, boyun və çiyin ağrılarının artmasına, hətta erkən yaşlarda onurğa disk yırtıqlarının yaranmasına səbəb olur.
Valideynlər uşaqlarında yaranan ilk əlamətləri vaxtında müşahidə etməlidirlər. Belə hallara aşağıdakılar daxildir:
• Boynun irəliyə doğru əyilməsi;
• Kifotik görünüş;
• Kürəklərin assimmetrik olması və ya bir tərəfin daha çox qabarması;
• Çanağın əyilməsi;
• Daimi bel və boyun ağrıları.
Valideynlər uşaqların gündəlik həyatında düzgün oturma, hərəkət və idman vərdişlərinə diqqət yetirməli, çantaların çəkisinə və daşıma tərzinə nəzarət etməlidirlər. Unutmayaq ki, sağlam onurğa uşağın gələcək həyat keyfiyyətinin əsas göstəricilərindən biridir.