Forumda 30-dan çox ölkədən rəsmi şəxslər, ekspertlər, akademik dairələrin nümayəndələri, iş adamları iştirak edir.
Bakıda “Halal sənaye sürətlə dəyişən dünyada dayanıqlılığın mənbəyi kimi” mövzusunda 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumu keçirilir. Foruma 30-dan çox ölkədən rəsmi şəxslər, beynəlxalq təşkilatlar, akademik dairələrin nümayəndələri, iş adamları və mütəxəssislər qatılıb.
Forumun keçirilməsində məqsəd investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulması, fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana və regiona xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir.
Tədbir Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, İslam Əməkdaşlıq Təşkilatı (OIC), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC), İslam Ticarət Palatası Halal Xidmətləri və “Caspian Event Organisers” MMC-nin tərəfdaşlığı, “ATENA” MMC-nin və “Bilgə Qrup”un sponsorluğu ilə keçirilir.
Forum müqəddəs Qurani-Kərimdən ayələrin oxunması ilə öz işinə başlayıb.
Forumda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin iqtisadi məsələlər üzrə müavini Ahmad Kavesa Sengendo, İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüt Selçuk, İslam İnkişaf Bankının Malayziyadakı Mükəmməllik Mərkəzinin rəhbəri Samer Elesavi, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək ticarət və investisiya sahəsində əməkdaşlıq, beynəlxalq bazarlara çıxış imkanları, halal sənayenin potensialı və yeni trendlər, müvafiq sahədə innovasiya və texnologiyaların rolu, halal məhsul və xidmətlərin sertifikatlaşdırılmasına dair fikirlərini bölüşüblər
Tədbir zamanı KOBİA ilə Türkiyənin “Bilişim Vadisi” texnologiya zonası arasında KOB-ların yaşıl keçidinə dəstəyə dair, eləcə də Malayziyanın “Berhad” Halal İnkişaf Korporasiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb.
Forum çərçivəsində keçirilən sərgidə Azərbaycan, Türkiyə, Özbəkistan, Pakistan, Qırğızıstan və s. ölkələrdən olan 30-a yaxın şirkətin məhsul və xidmətləri nümayiş olunur. Sərgidə qida məhsulları, parfümeriya, kosmetik vasitələr, tekstil məhsulları, aksesuarlar və s. təqdim edilir. Həmçinin, sərgidə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Standartlaşdırma İnstitutu, KOBİA, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası və Pakistan-Azərbaycan Ticarət Palatası da öz stendləri ilə təmsil olunurlar. Sərgi oktyabrın 8-dək davam edəcəkdir.
Forum panel müzakirələrlə davam edir.