Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tələbələrindən ibarət komanda Azərbaycanda hüquq təhsili verən 11 ali təhsil müəssisəsinin tələbələri arasında keçirilən “Azərbaycan Respublikasının Konstitusiyası və Dövlət Suverenliyi” adlı hüquq viktorinasında yüksək nəticə göstərərək II yerə layiq görülüb.
Baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən hüquq viktorinasının qaliblərinin mükafatlandırılma mərasimində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən Dövlət Gömrük Komitəsinin Akademiyasının komandasının üzvlərinə sertifikatlar təqdim olunub.
Dövlət Gömrük Komitəsinin Akademiyasında da komandanın üzvləri ilə görüş keçirilib.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Akademiyanın tələbələrinin müxtəlif müsabiqələrdə əldə etdiyi uğurların önəmini vurğulayıb, onların gələcəkdə də doğma təhsil ocağının adını yüksəldəcəklərinə və müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfələrini verəcəklərinə əminliyini ifadə edib.
Daha sonra komandanın üzvləri - Hüquqşünaslıq ixtisasının tələbələri Xədicə Hüseynli, Əminə Əhmədova, Aişə Vəlizadə, Fəridə Musayeva və Nihad Xudiyev Akademiya rəhbərliyi tərəfindən mükafatlandırılıblar.