Azərbaycan Respublikası Mərkəzi Bankının dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının (TDT) iştirakı ilə sentyabr ayının 14-də Şuşada Türk Dünyası Sığorta Birliyinin (TDSB) I Assambleyası təşkil olunub.
Tədbirdə açılış nitqi ilə çıxış edən Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov TDSB-nin I Assambleyasının Şuşada keçirilməsini sığorta sektoru üçün tarixi hadisə kimi qiymətləndirib və bunun türk dünyası sığortaçıları üçün səmərəli əməkdaşlıq platforması olacağına dair əminliyini vurğulayıb. O, Mərkəzi Bank tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində sığortaçılarda yeni korporativ idarəetmə standartları tətbiq olunduğunu, bank və sığorta əməkdaşlığının genişləndirildiyini, sığorta xidmətlərinin rəqəmsallaşmasında mühüm nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb. Əliyar Məmmədyarov daha sonra çıxışında qlobal çağırışlara diqqət çəkərək sığorta sektorunun gələcəyinin formalaşdırıması və çağırışlara qarşı dayanıqlılığının artırılması baxımından əməkdaşlığın əhəmiyyətindən danışıb.
Tədbir müzakirə paneli formatında davam edib. Sığorta bazarları üzrə requlyatorlar panelində çıxış edən Mərkəzi Bankın baş direktoru Vüsal Qurbanov sektor üzrə həyata keçirilən islahatlardan və tənzimləyici çərçivələrin təkmilləşdirilməsi üzrə nəzərdə tutulan fəaliyyətlər haqqında danışıb. O, dayanıqlı sığorta sisteminin qurulması ilə keyfiyyətli sığorta xidmətlərinin təmin edilməsinin, katastrofik risklərin sığorta sektoruna transfer olunması ilə dövlətin fiskal yükünün azaldılmasının əhəmiyyətini vurğulayıb. Baş direktor istehlakçıların sığorta məhsullarına əlçatanlığının genişləndirilməsinin, korporativ idarəetmə standartlarının yüksəldilməsinin və ictimaiyyətlə şəffaf kommunikasiya qurulmasının sektora olan etimadın möhkəmləndirilməsinə töhfə verəcəyinə dair əminliyini bildirib.
Assambleyanın sonunda TDSB-nin TDT-nin prinsiplərinə uyğun yenidən formalaşdırılmasına dair sığorta assosiasiyaları tərəfindən “Proklamasiya sənədi” imzalanıb.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğız, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının maliyyə tənzimləyiciləri, sığorta assosiasiyalarının, eləcə də Türk Dövlətləri Təşkilatının nümayəndələri iştirak edib.
Qeyd edək ki, TDSB 2022-ci ildə Azərbaycan və Türkiyə sığorta assosiasiyalarının birgə təşəbbüsü ilə İstanbulda keçirilmiş Beynəlxalq Sığorta Zirvəsində təsis olunub. Birliyin təsisçiləri Azərbaycan, Qazaxıstan, Qırğız, Türkiyə və Özbəkistanın sığorta assosiasiyalarıdır. Daha sonra Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının sığorta assosiasiyaları birliyə müşahidəçi təşkilat olaraq qoşulublar.
TDSB-nin I Assambleyası qurumun “Yol Xəritəsi”nə uyğun olaraq Azərbaycanda təşkil olunub.