Mərkəzi Bankın tərəfdaşlığı ilə ölkəmizdə ilk dəfə olaraq keçirilən Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalı davam edir.
Finalın 2-ci günündə Mərkəzi Bank tərəfindən “Texnologiya və istedadların maliyyə transformasiyasında rolu” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə açılış nitqi ilə çıxış edən Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov istedadlı insan kapitalının texnoloji inkişafın əsas amillərindən biri olduğunu vurğulayıb. O, ICPC kimi qlobal əhəmiyyətli tədbirlərin gənclərin peşəkar inkişafı üçün yaratdığı geniş imkanlardan danışıb.
Müzakirə paneli formatında davam edən tədbirdə Mərkəzi Bankın rəhbər şəxsləri Azərbaycanda ödəniş sistemlərinin inkişafı, maliyyə texnologiyaları və innovasiyaların təşviqi, rəqəmsal transformasiyanın sürətləndirilməsində proqramlaşdırmanın rolu, həmçinin informasiya texnologiyaları həlləri mövzularında geniş müzakirələr aparıb.
Tədbirə tələbələr, informasiya və maliyyə texnologiyaları, həmçinin ödəniş sistemləri sektorunda çalışan 100-ə yaxın iştirakçı qatılıb.
Qeyd edək ki, 49-cu ICPC dünya finalı çərçivəsində komandalar və iştirakçılar üçün texnologiya sahəsini əhatə edən görüşlər, təqdimatlar və müxtəlif sessiyalar təşkil olunur.
ICPC ölkədə proqramlaşdırma sahəsinin inkişafı, gənclərin bu sahəyə marağının artırılması və qlobal miqyasda tanınması baxımından mühüm əhəmiyyət daşıyır.