2024-cü ildə SOCAR-ın gəlirləri 84,7 milyard manat, ümumi mənfəəti 7,4 milyard manat təşkil edib. Əməliyyat fəaliyyətindən mənfəət əvvəlki dövrlə müqayisədə 32,2% artaraq 2,9 milyard manata çatıb, xalis mənfəəti isə 41,2% artaraq 2,9 milyard manat olub. Şirkətin 2024-cü ildə EBITDA-sı (Faizlər, vergilər və amortizasiyadan əvvəl mənfəət) 8,7 milyard manat təşkil edib. Bu göstərici 2023-cü il ilə müqayisədə 7% çoxdur. SOCAR-ın gəlirlərinin əsas hissəsi xam neft, neft və kimya məhsulları və təbii qazın satışından əldə edilb.
Aşağıda 2021–2024-cü illəri əhatə edən dövr üçün EBITDA göstəricilərinə dair məlumat təqdim olunur (milyard manatla).
SOCAR ölkənin strateji enerji şirkəti olmaqla yanaşı, dövlət büdcəsinə ən çox vergi ödəyən və ölkə üzrə ən iri işəgötürən olaraq birinci yerdə qərarlaşır. SOCAR-ın ödədiyi vergilər ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verir, şirkətin genişmiqyaslı investisiya və sosial layihələri isə həm iqtisadiyyatın şaxələndirilməsinə həm də insan kapitalının inkişafına xidmət edir.
SOCAR tərəfindən 2024-cü ildə dövlətə 3,4 milyard manat məbləğində dividendlər, dövlətə ayırmalar, vergilər və sosial xərclər kimi ödənişlər edilib. Ümumiyyətlə, 2021-2024-cü illər ərzində isə SOCAR tərəfindən dövlətə cəmi 12,1 milyard manat məbləğində dividendlər, dövlətə ayırmalar, vergilər və sosial xərclər kimi ödənişlər olunub. Bununla yanaşı, qeyd olunan 2021-2024-cü illər ərzində SOCAR-a dövlət tərəfindən cəmi 1 milyard manat həcmində vəsait yatırılıb.