Görüşdə investisiya qoyuluşu imkanları,Səudiyyə Ərəbistanının maraq göstərdiyi sektor və layihələr üzrə məlumat mübadiləsi, biznes missiyaların təşkili və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Azərbaycan - Səudiyyə Ərəbistanı Birgə Biznes Şurası çərçivəsində görüş keçirilib. Görüşdə Biznes Şuranın həmsədrləri - Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Mehdi Hadi Alhatban, eləcə də şuranın üzvləri iştirak ediblər.
Onlayn formatda təşkil edilmiş görüşdə KOBİA sədri Azərbaycan və Səudiyyə Ərəbistanının iş adamları arasında əlaqələrin aktiv inkişafı və birgə layihələrin icrası üçün Agentliyin bu ölkənin aidiyyəti qurumları ilə əməkdaşlıq etdiyini və əlaqələrin genişləndirilməsi üçün sahibkarlara dəstək göstərildiyini qeyd edib. O, Mehdi Hadi Alhatanı Biznes Şuranın həmsədri təyin olunması münasibətilə təbrik edib, bu platforma çərçivəsində əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Azərbaycan - Səudiyyə Ərəbistanı Birgə Biznes Şurasının həmsədri Mehdi Hadi Alhatban hər iki ölkənin biznes və investisiya qoyuluşu üçün geniş potensiala malik olduğunu, iş adamlarının bu imkanlardan yararlanmaqla qarşılıqlı faydalı əməkdaşlıqlar qura biləcəklərini qeyd edib. Bildirilib ki, Səudiyyə Ərəbistanı iş adamları turizm, daşınmaz əmlak, françayzinq kimi sahələrdə biznes və investsiya qoyuluşuna maraq göstərir.
Görüşdə Biznes Şuranın gələcək fəaliyyətinə, o cümlədən Səudiyyə Ərəbistanı tərəfinin maraq göstərdiyi sektor və layihələr üzrə mütəmadi məlumat mübadiləsinə, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında sahəvi biznes missiyaların təşkilinə, fəal sahibkarların bu platformaya cəlb edilməsinin davam etdirilməsinə, eləcə də şuranın növbəti iclasının Bakıda keçirilməsinə və investisiya qoyuluşuna dair fikir mübadiləsi aparılıb. Həmçinin, görüşdə müzakirə edilən məsələlərə dair Fəaliyyət Planının hazırlanması qərar alınıb.
Qeyd edək ki, Azərbaycan–Səudiyyə Ərəbistanı Birgə Biznes Şurası 2022-ci ildə Bakıda keçirilmiş Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclası çərçivəsində KOBİA və Səudiyyə Ərəbistanının Palatalar Federasiyası tərəfindən yaradılıb. İndiyədək Biznes Şuranın altı iclası keçirilib. Hər iki ölkədən biznes nümayəndələrinin təmsil olunduğu Biznes Şura sahibkarların təşəbbüslərini dəstəkləyir, onlar arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin və müxtəlif tədbirlərin təşkilinə kömək edir, iş adamları arasında informasiya mübadiləsini həyata keçirir.