Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən əhalinin müxtəlif təbəqələrinin rəqəmsal ödənişlər sahəsində maarifləndirilməsi, ictimaiyyətdə rəqəmsal ödənişlər üzrə fırıldaqçılıq əməliyyatlarına dair məlumatlılığın daha da artırılması istiqamətində aktiv fəaliyyət davam etdirilir.
Növbəti uğurlu layihə olaraq ABA nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”n rəhbəri Tamerlan Rüstəmov tərəfindən gələcək nəslin rəqəmsal ödənişlər haqqında daha bilikli olması məqsədilə məktəbəqədər təhsil alan övladlarımız, habelə ümumi təhsil müəssisələrinin 1-3-cü sinif şagirdləri üçün “Ömərin ödəniş kartı ilə tanışlığı” adlı hekayə yazılmışdır.
“Visa Inc.” beynəlxalq ödəniş sistemi, “Bank of Baku” ASC və Azərbaycan Fintex Assosiasiyası ilə birgə əməkdaşlıq çərçivəsində reallaşdırılan bu layihə övladlarımızın rəqəmsal ödənişlər və innovativ ödəniş alətləri sahəsində daha bilikli olmasını, habelə baş verə biləcək fırıldaqçılıq hallarına qarşı qabaqlayıcı tədbirlər haqqında biliklər əldə etməsini təmin edəcəkdir. Hekayənin axıcı dili və şəkil illustrasiyasına geniş yer verilməsi onu daha maraqlı edəcəkdir. Hekayədə süni intellekt əsasında tərtib edilən şəkillərdən istifadə edilərək dizayn verilmişdir.
Rəqəmsal ödənişlər sahəsində ilk bu cür hekayənin yazılması azyaşlı oxucular arasında rəqəmsal ödənişlərə maraq yaradaraq təhlükəsizlik tələbləri haqıqnda məlumatlı olmalarını təmin edəcəkdir.