İsveçrə Milli Bankının (İMB) sədri Martin Şleqelin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana ilk işgüzar səfəri başlayıb.
Səfər çərçivəsində İMB nümayəndə heyətinin Mərkəzi Bankın sədri Taleh Kazımov ilə görüşü təşkil olunub.
Görüş zamanı qlobal iqtisadiyyat və maliyyə bazarlarında gedən proseslər, ortamüddətli dövr üçün pul siyasəti və maliyyə sabitliyi üzrə prioritetlər, eləcə də maliyyə sektorunun inkişafına dair rəqəmsal təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan ilə İsveçrə arasında iqtisadi əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə ediblər.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin, o cümlədən iki qurum arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi ilə davam edib.