4 iyul 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı və “PAŞA Bank”ın dəstəyi ilə “Sindikativ kreditlər” mövzusuna həsr olunmuş konfrans baş tutub.
Tədbirdə Azərbaycan Respublikasının Mərkəzi Bankının, ABA-nın, İqtisadiyyat Nazirliyi yanında Biznesin İnkişafı Fondunun, “PASHA Holding”in, “PAŞA Bank”ın, “AZƏRMAŞ” ASC-nin, eləcə də bir sıra kommersiya banklarının və sığorta şirkətlərinin nümayəndələri iştirak ediblər. Konfrans iştirakçıları sindikativ kredit mexanizminin funksionallığı, bizneslərin maliyyə ehtiyaclarının daha effektiv şəkildə təmin olunması, həmçinin risklərin bir neçə maliyyə institutu arasında bölüşdürülməsi imkanları barədə fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı bu maliyyə alətinin şirkətlərin kapital bazarına çıxışını genişləndirməsi, maliyyə dayanıqlılığını artırması və ümumilikdə biznesin inkişaf potensialına verdiyi töhfələr ətrafında da geniş təhlillər təqdim olunub.
Tədbir çərçivəsində baş tutan panel müzakirəsində isə sindikativ kreditləşmənin müxtəlif requlyativ və hüquqi aspektlərinə aydınlıq gətirilib. Konfransda Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və İcraçı direktoru Yunus Abdulov çıxış edərək bu mövzunun ölkəmizdə maliyyə institutları üçün aktuallığını vurğulayıblar.