25 iyun 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən “Bakıda Əhatəli Data Axını Səyahəti” (End to End Data Streaming Journey, Baku) adlı seminar təşkil olunub.
Seminar çərçivəsində rəqəmsal bank xidmətlərinin inkişafında məlumat axınının (data striminqin) rolu, onun tətbiq imkanları və müasir texnologiyalardakı əhəmiyyəti iştirakçılara praktiki nümayişlərlə təqdim edilib. Tədbirdə, həmçinin rəqəmsal maliyyə sahəsində məlumatların idarə olunması üzrə qabaqcıl yanaşmalar və strateji həllər müzakirə olunub.
Seminarda ölkənin aparıcı banklarını təmsil edən rəhbər heyət — baş informasiya inzibatçıları (CIO), baş texnologiyalar inzibatçıları (CTO), məlumat və analitika üzrə şöbə rəhbərləri və direktorları, eləcə də məlumatların idarə olunması üzrə məsul şəxslər iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.