Azərbaycan və Gürcüstan arasında vergi konvensiyası layihəsi üzrə danışıqların ilk raundu keçirilib
25-27 iyun tarixlərində Tbilisi şəhərində “Azərbaycan Respublikası ilə Gürcüstan arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya layihəsi üzrə danışıqların ilk raundu keçirilib.
Danışıqlarda Azərbaycan tərəfindən Maliyyə Nazirliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Gürcüstan tərəfindən Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndələri iştirak ediblər.
Gürcüstan ilə hazırki Konvensiya 1998-ci ildən tətbiq olunur. Ötən dövrdə beynəlxalq vergitutma prinsiplərində qəbul olunan yeniliklər və iki ölkənin vergi qanunvericiliklərində baş verən dəyişikliklər yeni Konvensiya layihəsinin hazılanmasını zəruri edir.
Müzakirələrin nəticəsi olaraq, Konvensiya layihəsi üzrə danışıqların davam etdirilməsi istiqamətində işlərin aparılacağı qərara alınıb.
Sonda tərəflər arasında razılaşdırılmış məsələlərə dair sənəd imzalanıb.